Ekonomiks 19:39 05.11.2014

SOCAR "Total" şirkəti ilə danışıqlar aparır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yeni Neft-qaz emalı və Neft-kimya Kompleksində (OGPC) "Abşeron" dəniz yatağından gələcəkdə hasil olunacaq təbii qazın emal imkanlarına dair Fransanın "Total" şirkəti ilə danışıqlar aparır. 

"Report"un verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, tərəflər bu qazın yeni zavoda cəlb olunması ilə bağlı bir neçə əməkdaşlıq variantını müzakirə edir. Onların arasında hasil olunan qazın alınması və onun Neft-kimya Kompleksində istifadə olunması, eləcə də gələcəkdə ixrac etmək üçün həmin qazın zavodda təmizlənməsi ideyaları yer alır.

Xatırladaq ki, OGPC layihəsinin həyata keçirilməsi çərçivəsində ilk mərhələdə, 2020-ci ildə qaz emalı zavodunun istismara verilməsi planlaşdırılır. İlkin proqnozlara əsasən, "Abşeron" yatağında qaz hasilatına 2020-ci ildə başlanılacaq.
Qeyd edək ki, 2009-cu il fevralın 27-də SOCAR və "Total" Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda "Abşeron" dəniz bloku üzrə PSA tipli müqavilə imzalayıb. Layihədə "Total" şirkətinin payı 40%, SOCAR-ın pyı 40%, "Gaz de France SUEZ"in (GDF/SUEZ) payı isə 20% təşkil edir. "Gaz de France" şirkəti 2011-ci ilin iyun ayında "Total"in layihədəki 60%-lik payın 20%-ni alıb. Yatağın kəşfiyyat və işlənmə layihəsinin operatoru "Total" şirkətidir.

Qaynar.info