Xəbər lenti

Şok məktub tapıldı:
Ölkə 10:09 03.05.2018

Şok məktub tapıldı: "Bakının tamamilə yandırılması üçün hər şeyi hazırlasın"

Beynəlxalq terrora qarşı Strateji Araşdırmalar Mərkəzinin direktoru, politoloq Rövşən Vəlizadə arxivlərdə araşdırma apararkən V.İ.Leninin naməlum bir şəxslə yazışmasını üzə çıxarıb. 

Qaynarinfo xəbər verir ki, onun Azərtac-a təqdim etdiyi arxiv sənədini Bakı haqqında ölüm hökmü adlandırmaq olar. Yüz il əvvələ - Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənəddən belə məlum olur ki, bolşeviklərin lideri ermənilərlə əlbir olub Bakının neft mədənlərini yandırmaq planı hazırlayıbmış.

Həmin yazışmanı təqdim edirik.

Şəxsiyyəti müəyyən edilməyənlə yazışma

5 iyun, 1918-ci il

Şəxsiyyəti müəyyən edilməyənin qeydi

Məsələ təcilidir – Ter-Qabrielyan gözləyir, onu isə qatar gözləyir.

V.İ.Leninin qeydi

Necə? O hələ getməyib?
Mən artıq ona bir vəsiqə imzaladım.
Siz Terə bir daha çatdıra bilərsinizmi ki, o, hücum vaxtı Bakının tamamilə yandırılması üçün hər şeyi hazırlasın.

Fond 2, siyahı 1, qovluq 27142 - avtoqraflar

S.M.Ter-Qabrielyan təyin edilən gün getmədi, çünki Dövlət Bankında pulu ala bilməmişdi. 1918-ci il iyunun 5-də Xalq Təsərrüfatı Ali Sovetinin sədri A.İ.Rıkov bu barədə Xalq Komissarları Sovetində məlumat verdi və qərar layihəsini təqdim etdi: "Səhər saat 10-dan gec olmayaraq Dövlət Bankının Moskva İdarəsinə göndərilsin” 

(Rusiya Ən Yeni Tarixin Sənədlərinin Mühafizəsi və Öyrənilməsi Mərkəzi (РЦХИДНИ), fond 19, siyahı 1, qovluq 132, vərəq 5). 

Beləliklə, Ter-Qabrielyan pulu yalnız iyunun 6-da səhər ala bilər və sonra Moskvadan çıxa bilərdi. V.İ.Lenin növbəti qərarı imzaladı: "Xalq Komissarları Soveti qərara aldı: Dövlət Bankının Moskva Kontoruna Ter-Qabrielyana nağd olaraq 50 milyon (50 000 000) rubl verilməsi tapşırılsın, onun iyirmi beş milyonu (25 000 000) 250 rubldan az olmayan xırda əskinaslarla verilsin. Bu məbləğ Xalq Təsərrüfatı Ali Sovetinin yanacaq şöbəsinin hesabına aid edilsin.

5 iyun 1918-ci il
Xalq Komissarları Sovetinin sədri V.Ulyanov (Lenin)”

(Rusiya Ən Yeni Tarixin Sənədlərinin Mühafizəsi və Öyrənilməsi Mərkəzi, fond 2, siyahı 1, qovluq 6212).

Ter-Qabrielyana belə bir vəsiqə verildi: "Onu təqdim edənlərə - Xalq Təsərrüfatı Ali Soveti yanında Baş Neft Komitəsinin üzvü Saak Mirzoyeviç Ter-Qabrielyan və Mərkəzi Hərbi-Texniki İdarənin komissarı Aleksandr Aleksandroviç Kvyatkovski neft və onun məhsullarının su və dəmir yolu nəqliyyatı ilə Bakı, Qroznı, Yekaterinodar, Novorossiysk şəhərlərindən və Embinsk rayonundan Xalq Təsərrüfatı Ali Soveti yanında Baş Neft Komitəsinin və onun nefti yerlərdə bölüşdürən agentlərinin müəyyən etdiyi yerlərə göndərilməsini təşkil etmək və işə rəhbərlik etmək üçün Rusiya Sovet Federativ Respublikası Xalq Komissarları Soveti tərəfindən səlahiyyətləndirilib.

Bu nəzərə alınaraq, sovet orqanlarına və sərəncamında qüvvə və vasitələr olan idarələrin üzərinə Ter-Qabrielyanın və Kvyatkovskinin onlara verəcəyi tapşırıqları icra etmək, bu şəxslərə tam və hərtərəfli kömək göstərmək, maye yanacağın təyinat yerinə dərhal çatdırılması ilə bağlı məsələlərdə onların göstərişlərini rəhbər tutmaq öhdəliyi qoyulur”.

Xalq Komissarları Sovetinin sədri V.Ulyanov (Lenin)
Yollar üzrə xalq komissarı P.Kobozev
Baş Neft Komitəsinin sədri N.Solovyov,
Xalq Komissarları Sovetinin işlər müdiri Vlad. Bonç-Bruyeviç
Katib N.Qorbunov
(Rusiya Ən Yeni Tarixin Sənədlərinin Mühafizəsi və Öyrənilməsi Mərkəzi,
fond 2, siyahı 1, qovluq 6192).

Görünür, V.İ.Lenin neft mədənlərini yandırmaq niyyəti barədə elanın ingilislərin və türklərin Bakının işğalından imtina etməsinə gətirib çıxaracağına ümid bəsləyirdi. Lakin bunlar baş verdi: iyulun 25-də menşevik, eser, müsavatçı və daşnakların təzyiqi ilə Bakı Soveti ingilis qoşunlarının dəstlərini Bakıya dəvət etmək barədə qərar qəbul etdi. İyulun 31-də Bakıda sovet hakimiyyəti süqut etdi, avqustun 4-də ingilis dəstələri şəhəri işğal etdilər.

R.Vəlizadənin şərhi: aparılan tədqiqatlara görə, 1918-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanın hökumət və dövlət strukturlarında, dini qurumlarında 18 min 470 erməni işləyirdi. Həmin vaxt respublikada separatizmlə məşğul olan 100-dən çox erməni-millətçi və terrorçu təşkilatları fəaliyyət göstərirdi. Təkcə Bakıda irili-xırdalı 49 erməni təşkilatı vardı. Bakı Dövlət Universitetində akademik A.Ağayan, Pedaqoji İnstitutda professor O.Dalanyan, Neft-kimya İnstitutunda Arturyan, Xarici Dillər Universitetində Mamalyan, Politexnik İnstitutunda Paraqyan və s. "Qncaq” və "Krunk” kimi separatçı təşkilatlara başçılıq edirdilər. Maraqlısı bu idi ki, hər bir təşkilat bolşevik Rusiyası ilə açıq əlaqə saxlayırdı. Sovet Rusiyasının təhlükəsizlik orqanlarında bilavasitə erməni qruplarını ideoloji və maliyyə cəhətdən silahlandırmaq üçün 100-dək yeni iş yeri açılmışdı. Azərbaycana qarşı, sözün əsl mənasında, genetik bir müharibə başlanmışdı. Ölkədə fevral-mart aylarında doğum evlərində baş verən kütləvi zəhərlənmə nəticəsində bir gündə 68 uşaq tələf olmuşdu. Amma bununla bağlı nə mətbuat yazır, nə də hüquq mühafizə orqanlarına adi bir şikayət belə edilmirdi.

Həmin vaxt ermənilərin daha bir məkrli planını - V.İ.Leninin əli ilə neft Bakısını yandırmaq niyyətini təsdiqləyən sənəd indi qarşımızdadır. Uzun müddət gizli saxlanılan və məxfi qovluqlarda qorunan, yüz illik tarixi olan bu sənəd Bakıya qarşı yönəlmiş erməni-bolşevik terroru barədə danılmaz sübutlardan biridir. O vaxt Xalq Komissarlar Sovetinin sədri V.Ulyanovun (V.İ.Leninin) himayəsi ilə Bakının neft mədənlərini yandırmaq planı icra olunmalı idi. Bu missiya Rusiyanın Neft Komitəsi adlandırılan qondarma bir quruma başçılıq edən, Moskvada böyük nüfuz sahibi olan adamların yanında öz "əxlaqi dəyərləri ilə” seçilən Saak Mirzoyeviç Ter-Qabrielyan və onun 14 nəfərlik terrorçu dəstəsinə həvalə edilmişdi.

Göründüyü kimi, bu qorxunc planın qarşısı tarixin qəfil dönüşü sayəsində alındı.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->