Dünya 22:47 24.12.2017

Solaxaylığın dinsizliklə nə əlaqəsi var?

"The Telegraph" yazır ki, yeni elmi araşdırma ateistlərin daha çox solaxaylardan çıxdığını göstərib.

Dolayısı ilə bu, həm də inancların irsən keçdiyinə işarə ola bilər.

Araşdırma müəllifləri bunu da əlavə edirlər ki, dindar adamlarda, ümumiyyətlə genetik mutasiyalar daha az baş verir və məhz buna görə də onların arasında solaxayların, habelə autizm və şizofreniya hallarının daha az olduğu nəzərə çarpır.

Finlandiyadakı Oulu Universitetindən britaniyalı alim Edward Dutton deyib ki, sənayeləşmədən əvvəl dindarlıq başqa genetik faktorlar kimi irsən ötürülürdü, çünki bu daha çox sabitlik, ruhi sağlamlıq və daha yaxşı sosial davranışa imkan yaradırdı.

Lakin müasir elm keçmiş zamanlarda sağ qalması mümkün olmayan bir çoxlarının yaşamasına imkan yaradıb, bu isə öz növbəsində ateizmin genişlənməsinə yol açıb.

Alimin sözlərinə görə, allahsızlıq solaxaylıq, autizm kimi mutasiyalarla bağlıdır.

Araşdırma göstərib ki, insanlar arasında fövqəltəbii şeylərə inamın artması da bununla bağlıdır.

2013-cü ildə Britaniyada aparılmış rəy sorğusu göstərib ki, insanların 52 faizi fövqəltəbii qüvvələrə inanır. Bu rəqəm 2005-ci ildə 40 faiz idi.

Evolutionary Psychological Science jurnalında dərc edilmiş məqalədə deyilir ki, hazırda dindar olanların əcdadları son dərəcə dindar adamlar olmalı idilər.

Bu araşdırma əsasən solaxay, autizm və ya şizofreniya xəstəlikləri olanlar arasında aparılıb.

Araşdırma göstərib ki, solaxaylıqla dinsizlik arasında zəif, lakin əhəmiyyətli bağlılıq var, lakin bu bağlılıq autizmi olanlarda daha qabarıq nəzərə çarpır.

Bundan əvvəlki araşdırmalar göstərmişdi ki, adamların dindarlığının 40 faizi onların genetikasından gəlir.

Mənbə: BBC