Hüseynbala Səlimov
Ölkə 17:20 04.04.2017

Sonuncu fləşmob...

Hüseynbala Səlimov

Sovetlər vaxtı bundan çox asan idi. Biz çox şeydən xəbərsiz idik, çox şeyləri bilmirdik. Ona görə də yalanları daha rahat qəbul edirdik. İndi isə vəziyyət bir qədər fərqlidir.

Hələki alternativ informasiya mənbələrinə çıxışımız var və hər bir şeyi bilməsək də, çox şeydən xəbər tuta bilirik.

Həm də ki, ölkə o ölkə deyildir – Sovet İttifaqının bir tərəfində gecə olanda o biri tərəfində gündüz olurdu. Azərbaycan isə çox kiçik ölkədir. Burada hər şeyi yerli-yataqlı, əvvəllər deyildiyi kimi, “simsiz teleqrafla” öyrənmək elə də çətin iş deyil...

Həm də elə yalanlar olur ki, onlar sanki özləri də “Mən yalanam!” – deyə bağırır. Elə ilk cümlədən anlayırsan ki, axı belə ola bilməz, bu nəsə heç həqiqətə bənzəmir...

Qərəz, bunları niyə deyirəm? Ölkədə yasaqlar o qədər artır ki, birindən xəbər tutmamış digərini təsdiq edirlər. Bəlkə də mənim üçün böyük bir qüsur hesab edilə bilər. Amma yalnız bu yaxınlarda eşitmişəm ki, sən demə, məhkəmə - filan olmadan da saytları bağlamaq mümkündür! Bu mənə olduqca əcaib göründü. Bəli, deyə bilərlər ki, saytlar o qədər artıb ki, hamısına bir məhkəmə təyin etsən, onda gərək onların işi elə saytları araşdırmaq olsun!..

Amma belə bir məntiqlə vətəndaşlara qarşı da məhkəmənin qərarı – filan olmadam cəza kəsmək olardı, axı vətəndaşlar da bir deyil, iki deyil, milyonlarladır...

Özü də bu yasaqdan xəbər tutmağımın maraqlı tarixçəsi oldu. Ötən həftədən başlayaraq bəzi saytlara giriş-çıxış çətinləşdi. Mediada hadisə “bəzi tənqidçi saytlara girişin çətinləşməsi” kimi yozuldu. İndi demirəm ki, həmin saytlar artıq bir az əvvəldə bəhs etdiyim yasağın təsiri altına düşübdür. Hələ də bir oxucu kimi ümid edirəm ki, bu müvəqqəti məsələ olacaq və həllini tapacaq...

Mənə həm də “tənqidçi saytlar” ifadəsi təsir etdi. Deməli, media da özünü iki qismə ayırır – hakimiyyəti tənqid edənlərə və etməyənlərə. Bu, adama sarsıdıcı təsir edir. Təbii ki, hər hansı materialı hazırlayanda, bu və ya digər yazını yazanda jurnalist qarşısına məqsəd qoymur ki, bəs mən mütləq hakimiyyəti tənqid etməliyəm. Hər şey yazının və yaxud da materialın məğzindən asılıdır.

Amma mediaya dördüncü hakimiyyət də deyilir və onun da missiyası digər üç hakimiyyətə nəzarət etməkdir.

Düzdür, medianın həqiqətən də dördüncü hakimiyyət olması və tamamilə müstəqil fəaliyyət göstərməsi üçün ölkədə bir yox,  düz üç hakimiyyət olmalıdır, məhkəmələr və parlament müstəqil olmalıdır ki, media da özünü müstəqil hesab edə bilsin.

Azərbaycanda bunların heç biri yoxdur. Deməli, medianın da müstəqilliyindən danışmaq tamam yersizdir. Sadəcə, bu gün media və ümumiyyətlə, jurnalistika sonuncu etiraz ocaqlarıdır. Çalışırlar ki, onları da söndürsünlər, çünki belə olsa yalan danışmaq daha asan olacaq və o, daha asan “qəbul” olunacaq...

Yazının əvvəlini yalanlar haqqında başladım. Onlar o qədər çox və o qədər intensivdir ki, bir-bir üstlərində dayanmaq olmur. Məsələn, o gün baxıram, deyirlər ki, ötən il apreldə Qarabağda hansı məqsədi qarşımıza qoymuşduqsa, ona da çatdıq...

Olsun. Etirazım yoxdur. Bunu da qəbul edirik. Amma bir sualım var. Doğrudanmı, bizim strateji məqsədimiz Qarabağda kiçik bir təpəni, bir yüksəkliyi ələ keçirmək idi?!.

Bilirsiniz, Qarabağın hər qarışı müqəddəs və əzizdir. Amma demək olmaz axı ki, on illərlə kiçik təpəni ələ keçirmək uğrunda çarpışırdıq? Və yaxud da on illərdən sonra kiçik kəndin bərpasını böyük bir qələbə kimi qələmə verməyə hazırlaşırdıq?

Mən hər şeyi başa düşürəm, nikbinlik, ruh yüksəkliyi və yaxud da optimizm gərəkli məsələlərdir. Bunlarsız keçinmək olmaz. Amma yalan üstündə də qurulmamalıdır onlar...

Ən əziz şey həqiqətdir. Ən böyük örnək də şəxsi nümunədir. İnsanlar, idarə olunanlar görəndə ki, idarə edənlər doğru danışır və hər bir şeyin önündə gedir, onda inam da artır, ruh yüksəkliyi də...

İndisə insanlar ya susurlar, ya da ki, tutuquşu kimi onlara deyilənləri efirdə üyüdüb – tökürlər. Amma inanmırlar... Bax, elə ən böyük faciə də məhz budur – insanlar heç nəyə inanmırlar...

Amma buna rəğmən hakimiyyət yalan “istehsal” etməkdə davam edir. Bilirlər ki, çox adam buna inanmır. Amma düşünürlər ki, əgər insanların dilini qapatsalar, yalanların həqiqət kimi qəbul edilməsi daha asan olar.

Ona görə də artıq adi tənqid də az qala yasaq olunur. Artıq ümumi sözlərlə gileylənmək, yüngül tənqid etmək cəhdləri belə bu hakimiyyətə böyük təhlükə kimi görünür.

Güman ki, bu ölkədə nə vaxtsa daha bir fleşmoba ehtiyac olacaqdır – bunu sadəcə, xəyal edirik. Bəlkə də bu, elə sonuncu fleşmob olacaqdır. Qərəz, ola bilsin ki, bir gün insanlar etiraz kimi dodaqlarını tikəcəklər...

Bir qədər sərt də gələ bilər bu, insanlara. Gəl ki, insan boğaza yığılanda daha nələr etməz? Həm də bir az əvvəldə dedim axı, bu, bir xəyaldır...

Qaynar.Az