Foto 18:56 16.01.2020

“Sovetski”dəki bu küçələrin bərbad vəziyyətdə olmasına səbəb nədir? (FOTOLAR)

Bakının mərkəzi sayılacaq hissəsində küçələrin bərbad vəziyyətdə olması son zamanlar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, həmin ərazilərdən yayılan fotolarda yolların palçıqlı və təmirsiz olması diqqət cəlb edir. Bu yerlər içində isə daha "Sovetski”nin adı çəkilir. Sözügedən ərazidə köçürmə işləri aparılır. 19-cu əsrin sonlarında tikilən, qəzalı vəziyyətə düşmüş köhnə evlərin sakinləri mərhələli şəkildə köçürülür, ərazi abadlaşdırılır. Lakin burada, xüsusilə də Təzə pir məscidinin yaxınlığında bəzi evlər var ki, hələ indiyə qədər köçürülməyib. Həmin ərazidən keçəndə çox acınacaqlı mənzərə görünür. Bu ərazidəki M.Sübhü, Vidadi, Tolstoy, Z.Adıgözəlov, A.Şaiq küçələri palçığın içindədir. Bu yollardan nəinki piyadalar, heç avtomobillər də hərəkət edə bilmir.

Müzakirələrdə bildirilir ki, buna səbəb orada yaşayan sakinlərin evlərinin sökülməsi üçün yüksək məbləğdə kompensasiya tələb etməsi və razılaşma olmadığı üçün həmin ərazidən köçməmələridir. Həmin şəxslərin böyük bir ərazidə abadlıq-quruculuq işlərinin aparılması, küçələrin yenilənməsi, yaxınlıqdakı binalarda yaşayanların təmizliyə çıxmasına mane olduğu qeyd olunur.