Siyasət 14:46 16.02.2019

“Üst dostların” “alt düşmənliyi”

Yaxud Qafqaz siyasətini dəyişməyin zamanı  

Rahid Ulusel

Qarabağ müharibəsinin qızğın vaxtı, 1994-cü ilin mayında Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan atəşkəs haqqında saziş – "Bişkek protokolu” imzalanmışdı. 

Atəşkəsdən 25 il keçməsinə baxmayaraq, dünya mediasında ara-sıra fotolardan göründüyü kimi, işğal edilmiş Qarabağ indi də xarabalıqdır. Əgər bu torpaqlar onların vətənidirsə, nə üçün abadlaşdırmayıblar?! 

Bu faktın bir-biri ilə bağlı olan iki mühüm aspekti vardır: 

1. Onların abad vətən kimi Qarabağı yoxdur. 
2. Ermənilər özləri də əvvəl-axır Azərbaycanın Qarabağı özünə qaytaracağına əmin olduqlarından onu elə xarabalıq kimi saxlayırlar. 

Ümumiyyətlə, Ermənistan Qarabağın işğalından nə qazanıb?! Əgər bu gün "qalib” Ermənistan "məğlub” Azərbaycanın ayaqları altında sürünən, bütün coğrafiyası az qala Qarabağ kimi xarabalığa çevrilmiş miskin bir ölkədirsə, bu müharibədə o nə qazanıb?!

Ermənistanın müdhiş tarixi köklərə malik olan, son 30 ildə isə daha da şiddətlənən cilovlanmaz qəsbkarlıq siyasətinə Qafqaz regionunun mövcud geopolitik konfiqurasiyası kontekstində baxdıqda belə bir reallıq və onun perspektivləri göz önündə canlanır: Rusiya və Ermənistanın "zorakı müttəfiqliyi”, gerçəkdən, hər ikisinin ziyanınadır. Çünki Rusiya Ermənistanı və Gürcüstandakı separatizmi dəstəkləməklə, bütün Qafqazı, buradakı müstəqil dövlətlərlə normal beynəlxalq münasibətlər perspektivini itirir. Ona elə gəlir ki, Ermənistanda möhkəmlənməklə bütün Qafqaza sahiblənmək imkanını yenidən qazanacaq. Ancaq tarix – Rusiya imperiyasının zamanındakı dar siyasi meydan çevrəsindən çoxdan çıxıb... 

Ərazisinə görə dünyanın ən böyük dövləti iqtisadiyyatının gücünə və əhalisinin yaşayış səviyyəsinə görə vətəndaşlarını sevindirməyəcək bir durumdadır. Rusiya daxilən qüvvətlənmək və böyük dövlət olaraq qonşularını da qüvvətləndirmək əvəzinə, ən azı yaxın ətrafını daim təzyiq və vahimə altında saxlamaq siyasətini davam etdirməklə, hamını, hətta kömək etdiyi Ermənistanı belə özündən çəkindirir. "Xırda düşmənlərinin” əhatəsində Rusiya revanş xarakterli kəskin hərəkətlərinə (Gürcüstan və Ukraynaya qarşı), qlobalmiqyaslı ötkəm hərbi ritorikasına baxmayaraq, bütün parametrlər üzrə zəifləməkdədir. SSRİ-nin dağılmasında determinantlardan başlıcası olan Ermənistan bu dəfə də Rusiya Federasiyasını "Qafqaz bataqlığında” batıra bilər. Bunu Rusiyada dərk edənlər çoxdur. Həm də Rusiyada bu tendensiya qüvvətlidir ki, Qafqazda iki dövlətin – Azərbaycanın və Gürcüstanın ziyanına, bir dövlətin – Ermənistan kimi "zəif həlqənin” xeyirinə yeridilən siyasətin heç bir perspektivi yoxdur. Ermənistanda da bunu yaxşı anlayırlar ki, həmin "zəif həlqə” Rusiyaya nə üçün lazımdır: Rusiya Ermənistanın "zəifliyindən”, Ermənistan Rusiyanın "gücündən” (hələlik!) sui-istifadə edir. Bu təməlsiz, əslində isə, kökündən bir-birinə zidd qurulmuş siyasət hər ikisini tükəndirmək yönündədir. Həmin siyasət üzündən Ermənistan müstəqilliyini, Rusiya isə gücünü itirir. "Üst dostların” "alt düşmənliyi” göz qabağındadır! 

Fəqət Rusiya Azərbaycan və Gürcüstanla münasibətlərini kökündən dəyişsə, işğal faktlarını obyektiv dəyərləndirsə, hər iki dövlətin ərazi bütövlüyünün təmin edilməsində rol oynasa (ən azı buna mane olmasa!) onun Qafqazdakı "fateh” kimi yox, Cənub qonşuları ilə qarşılıqlı əməkdaşlıq perspektivində məhz özünün inkişafına böyük fayda verəcək "demokratik Rusiya” kimi mövqeyi müstəsna dərəcədə yüksələcək!