Ölkə 15:25 14.09.2017

Strateji Yol Xəritəsi: 9 ayda hansı işlər görülüb? (ŞƏRH)

Artıq Strateji Yol Xəritəsinin qəbul edilməsindən 9 ay ötür.

Ötən ilin 6 dekabrında prezidentin imzaladığı fərmanla təsdiq olunanmilli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri haqqında sənəddə deyilir ki, bu, iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyini və sosial rifahını daha da artıracaq, investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafına yardım edəcək.

Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 3 dövrü əhatə edir: 2020-ci ilədək, 2025-ci ilədək və 2025-ci ildən sonrakı dövr.

Proqramda "xarici şokların mənfi təsiri" nəticəsində yaranmış vəziyyətdən çıxmaq, sabitləşdirilmə, şaxələnmə və dünya iqtisadiyyatına inteqrasiya etməklə, rəqabət qabiliyyətinin artırılması, həmçinin yeni iş yerlərinin yaradılması, mənzil təminatı, təhsil və səhiyyə xidmətləri, kommunal xidmətlər və ünvanlı sosial yardım sistemindən reabilitasiyaya keçid yolu ilə yoxsulluğun azaldılmasına səylər göstəriləcəyi qeyd olunub.

Bəs bu 9 ay ərzində hansı irəliləyişlər var? Xəritədə müəyyənləşdirilmiş istiqamətlər üzrə aparılan islahatlar öz bəhrəsini verirmi?

Bununla bağlı “Qaynarinfo”ya danışan iqtisadçı-ekspert Natiq Cəfərli xəritənin istiqamətlərinin doğru seçildiyini, lakin bir sıra çatışmazlıqlar səbəbindən hansı istiqamətdə hansı işlərin görülməsi ilə bağlı konkret qiymətləndirmə aparmağın mümkün olmadığını bildirib:


"Strateji Yol Xəritəsi qəbul olunanda ictimaiyyətə dəfələrlə mətbuat vasitəsilə fikirlərimizi bildirdik ki, qoyulan hədəflər, istiqamətlər doğru seçilsə də, xəritənin özünün yazılma qaydalarında qüsurlar var. Yəni dünya praktikasında hər hansısa bir istiqamət üzrə yol xəritəsi müəyyən edilərkən 2 vacib faktor olur: 

1. Deadline, yəni zamanlama, zamana bölmə

2. Bölünmüş zamanda görüləcək işlər (bunlar addım-addım yazılır) və maliyyə mənbələri.

Təəssüf ki, yol xəritələri yaxşı yazılsa, yəni istiqamət olaraq doğru yanaşma olsa da, beynəlxalq praktikada görünən həmin məsələlər burada öz əksini tapmadı. Yəni nə zamanlama, nə də həmin zaman kəsiyində hansı işlərin hansı vəsaitlə görülməsi ilə bağlı konkretlik yoxdur. Bunun nəticəsi olaraq da xəritənin hazırlanmasından 9 ay keçməsinə baxmayaraq, bir qiymətləndirmə aparmaq mümkün deyil. Yəni 9 ay ərzində hansı istiqamət üzrə biz harda idik, indi hardayıq, bu qiymətləndirməni aparmaq təəssüf ki, çox çətindir. Düzdür, qəbul olunan yol xəritəsində bəzi istiqamətlər üzrə irəliləyişlər görünür. Məsələ turizmdə artım var. Lakin bu artım yol xəritəsindən daha çox vizaların sadələşdirilməsi, elektron vizaya keçidlə əlaqədar olub. Yəni bu, iqtisadiyyatda hər hansısa bir addımların nəticəsi kimi deyil, idarəetmədə müəyyən dəyişikliklərin baş verməsi ilə əlaqədardır. Bu da onu bir daha sübut edir ki, iqtisadiyyat sahəsində atılan addımlar mütləq qanunvericilikdə və idarəetmədə xüsusi dəyişikliklərlə bir-birini tamamlamalıdır. Bunlar baş verməsə, konkret nəticələri söyləmək, konkret qiymətləndirmə aparmaq çox təəssüf ki, mümkünsüz olur".

Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov isə "Qaynarinfo"ya açıqlamasında aparılan islahatların artıq bir neçə sahədə öz bəhrəsini verdiyini bildirib:


"Buna uyğun islahatlar davam edir, xüsusilə də qeyri-neft sektorununu bütün sahələrində, o cümlədən aqrar sektor, tranzit yükdaşımaları, turizm istiqamətində çox işlər görülür. Buna qədər də görülmüşdü və artıq Strateji Yol Xəritəsi hazırlanandan, istiqamətlər müəyyənləşdiriləndən sonra bu işlər sistemli şəkildə, ardıcıl olaraq aparılır. Hesab edirəm ki, artıq bir sıra istiqamətlərdə nəticələr əldə olunub. Buna misal olaraq turizm sahəsindəki irəliləyişlərdən, aqrar sahədə istehsalın həcminin son 1-2 il ərzində sürətlə artırılmasından danışmaq olar. Qeyri-neft sənayesi ilə bağlı bölgələrdə, xüsusilə Sumqayıtda yüngül sənaye müəssisələrinin, həmçinin neft emalı müəssisələrinin tikilməsi, qısaca bütün bunların hamısı Strateji Yol Xəritəsinə uyğun olaraq aparılan işlərdir. Hesab edirəm ki, yaxın 1-2 ildə aparılan bu islahatlar ölkə iqtisadiyyatının neftdən asılılığını aşağı səviyyəyə endirməyə şərait yaradacaq". 

Çingiz Səfərli

Qaynarinfo.Az