İdman 09:52 07.01.2014

Şumaxerin həyatı üçün ciddi təhlükə yoxdur

Dekabrın sonunda dağ-xizək kurortunda yıxılması nəticəsində kəllə-beyin zədəsi almış məşhur alman pilotu Mixael Şumaxerin həyatı üçün ciddi təhlükə yoxdur.APA-nın verdiyi xəbərə görə, bu qənaətə Qrenobl hospitalının reanimasiya və intensiv terapiya şöbəsinin rəhbəri, professor Jan-Pol Payenin rəhbərliyi altında Şumaxerin müalicəsini aparan həkimlər gəlib.

Almaniyanın  “Bild” qəzeti qeyd edir ki, son üç gün ərzində Şumaxerin vəziyyəti nisbətən sabitləşib. Məlumatın mənbəyi və təfərrüatlar açıqlanmır.

Yanvarın 6-da hospital nümayəndəsi Şumaxerin vəziyyətinin əvvəlki kimi ağır-sabit olduğu haqqında açıqlama verib.

Xatırladaq ki, Mixael Şumaxer dekabrın 29-da Meribel alp kurortunda dağda xizəklə sürüşərkən yıxılaraq ağır kəllə-beyin zədəsi alıb. 45 yaşlı məşhur idmançı süni koma vəziyyətindədir.
Şumaxer "Formula-1" yarışlarının və "Ferrari" komandasının tarixində ən uğurlu pilotdur. O, 91 qələbə qazanıb ki, bu da rekord göstəricidir. Alman pilot 2012-ci ildə karyerasını başa vurub.

Qaynar.info