Ölkə 23:53 12.12.2017

Sumqayıt bulvarının 2 kilometri "yoxa" çıxıb

Ötən il istifadəyə verilən və uzunluğu 4,2 kilometr olduğu deyilən Sumqayıt Bulvarı əslində cəmi 2 km-dir.

Axar.az xəbər verir ki, bu iddia ilə Sumqayıt Bulvarını bir neçə saat ərzində gəzən və bulvarın uzunluğunu ölçən sakinlər çıxış edib.

Belə ki, Sumqayıt Bulvarını gəzintiyə çıxan şəhər sakinləri telefonunun məsafə ölçən cihazı ilə oranı başdan-başa ölçüb. Nəticədə bulvarın cəmi 2 kilometr uzunluğunda olduğu görünüb. Təcrübə aparan sakinlər nəticəyə inanmadıqları üçün bulvarın uzunluğunu Quqlun xəritəsi (Google Map) ilə də ölçüblər. Quql xəritəsi də sakinlərin gəldiyi nəticəni təsdiqləyib və orada da bulvarın uzunluğu 2 kilometrdən bir qədər çox göstərilib.

Sakinlər yanılmamaq üçün bulvar boyu paralel uzanan yolu avtomobillə də gedərək kilometrajla ölçüblər. Maraqlıdır ki, bu zaman da bulvarın uzunluğu 2 kilometrdən çox olmayıb.

Araşdırmanı aparan sakinlər bildirib ki, yolu bir qədər uzadıb məsafəni daha uzaqdan ölçsələr də, bu zaman da 50 metrdən çox fərq etmir.

Maraqlıdır ki, cəmi 2 kilometr uzunluğu olan Sumqayıt Bulvarı niyə 4,5 kilometr uzunluğunda göstərilib? Hətta Bulvar haqqında vikipedik məlumatda da uzunluq 4,2 kilometr olduğu qeyd edilib.

Məsələ ilə bağlı açıqlama verən Sumqayıt Şəhər İcra Hakimiyyətininin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev bildirib ki, Sumqayıt Bulvarının baş planı var, buna uyğun da park salınıb:

"Həmin baş plana uyğun iş aparılır. Bulvarın hazır hissəsi 106 hektardır. Bulvarın ərazisi Coratın aşağı hissəsindən başlayır. Yəni işlər hələ tamamlanmayıb. Hər iki istiqamətdə işlər davam etdirilir hazırda”.