Ölkə 23:44 12.10.2018

Sürüşmə zonasındakı vəziyyətlə bağlı 8 saatdan bir məlumat veriləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakının Badamdar qəsəbəsində baş vermiş sürüşmə sahəsindəki vəziyyəti nəzarətdə saxlayır.

Bu barədə Trend-ə açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, nazirlik əməkdaşları hadisə yerindədirlər: "Nazirlik tərəfindən hər 8 saatdan bir sürüşmə zonası ilə bağlı məlumat veriləcək. Əhalini, təşkilatları xəbərdar edəcəyik".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov isə Trend-ə bildirib ki, sürüşmənin dinamikasında aktivlik davam edir: "Nazirliyin mütəxəssisləri sürüşmə zonasında növbətçilik rejimində çalışır. Hər saatdan bir ərazidə müşahidələr aparılır".

Qeyd edək ki, Bayılda Badamdar-20-ci sahə yolunda sürüşmə prosesi aktivləşib, bununla əlaqədar bu gün Badamdar-20-ci sahə və 20-ci sahə-Badamdar yolu bağlanılıb, nəqliyyatın hərəkətinə icazə verilmir.

Bundan başqa, Səbail rayon İcra Hakimiyyəti tərəfindən Badamdar qəsəbəsi 3-cü yaşayış massivində dağ yamacının üst hissəsində yerləşən 8 fərdi yaşayış evində yaşayan vətəndaşlara müvəqqəti olaraq evlərini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib.

Həmçinin "Azərişıq" ASC və "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətlərindən Trend-ə verilən məlumata görə, həmin ərazidə elektrik enerjisi və 11 fərdi evə təbii qazın verilişi dayandırılıb.