Sənət 12:07 27.04.2018

“Şuşanın dağları... başı dumanlı”

(Abid Tahirlinin "Mətbuat: millətin dili, gücü və güzgüsü” məqalələr toplusunu oxuyarkən)

Azərbaycan və Türkiyə tarixində parlaq iz qoymuş görkəmli ictimai-siyasi xadim, istiqlal mücahidi, yazıçı – publisist Əhməd bəy Ağaoğlunun ruhu şad olsun. Dörd dəfə ermənilər tərəfindən edama məhkum olunan və ermənilər üzündən Malta zindanlarında il yarım inləyən bu azadlıq mücahidinin özünün yazdığı kimi: "bütün cihana qarşı alnım açıqdır”.

Əhməd bəy Ağaoğlu Qafqaz İslam Ordusunun müşaviri, bütün türk-islam dünyasının ədəbi-mədəni və ictimai-siyasi fikir tarixində görkəmli yer tutan diqqətəlayiq bir nüfuz sahibidir.

Abid Tahirli haqlı olaraq qeyd edir ki, Malta məktubları "ailədaxili münasibətlərdən daha çox ictimai mahiyyət kəsb edir” və Əhməd bəyin bir ideoloq, "vətən aşiqi, istiqlal mücahidi kimi portretini gözlərimiz önündə canlandırmağa xidmət edir”.

"Kafkasya’dan haber alıyor musunuz? Oranın hali nasıldır?”- əndişə və narahatçılığı 1920-ci il Malta sürgünündə yazdığı bu məktublarında iki qardaş ölkənin Azərbaycan və Türkiyənin taleyindən nigarançılığını ovutmaq üçün Allahdan yardım diləyir– "Allah memleket ve milletimizin akibetini iyi etsin. Bu acılar unutulur”.

Əhməd bəy Ağaoğlu Malta məktubları vasitəsi ilə dövrünün arxiv sənədləri səviyyəsində məlumatları bizə çatdırır. Məktublarıdan öyrənirik ki; "Harp bitti. Bütün muharipler, bütün askerler, bütün kumandanlar, bütün hükümet adamları yerlərinə avdet ettiler. Yalnız biz buradakı elli altmış Türkler ki Mütareke den birkaç ay sonra evlerinden alınmışlardır – hala da burada oturuyorlar. Sanki bütün cihanın bütün muharebelerine sebep bunlar imiş!” 
Malta sürğünündən ailəsinə göndərdiyi məktublarında mərd və cəsur bir mücadilə adamının obrazı canlanır. Fiziki və mənəvi cəhətdən əsirləri "sındırmaq” istəyənlərə Əhməd bəy Ağaoğlunun demək olar ki, hər məktubunda cavabı vardır; – "Eğer maksat bizi manen yıprandırmak ise bittabi bu maksada nail olunamaz. Zira bizim de güvendiğimiz, sığındığımız bir hak, bir adalet-i aliye vardır, İnşaallah o adalet, o hak bir gün yerini bulur”.
Əhməd bəy Ağaoğlu əsirlikdən azad olunanlar arasında "bizim Karslılar da vardır” –yazması doğmalığa bir işarə həm də A. Tahirlinin qeyd etdiyi kimi "diqqət və maraq " doğurur.
 


Biz diqqəti A.Tahirlinin bu kitabda toplanan yaradıcılığının çox az bir qisminə –Əhməd bəy Ağaoğlunun Malta sürgünündən yazdığı məktublarına çəkmək istədik. Ən azı bu məktublar kifayət edir ki, Əhməd bəy Ağaoğlu haqqında bitkin bir fikir formalaşsın. "Bizim ğibilər üzerine zulum ve cefa tamamen aksi tesirler icra eder.”

Təxminən eyni yaşda sürgün həyatı yaşayan dahi şairimiz H. Cavid də Əhməd bəy Ağaoğlu kimi əqidələrindən dönməyən məslək sirdaşları olaraq xarakterləri ilə də gələcək nəsillərə nümunə oldular. 

Filologiya elmləri doktoru, tanınmış tədqiqatçı-publisist Abid Tahirlinin "Mətbuat: millətin dili, gücü və güzgüsü” kitabında toplanan məqalələrin yalnız cox cüzü bir qisminə nəzər saldıq. Kitab həqiqətən böyuk əmək və zəhmətin məhsuludur.

Azərbaycanın ədəbi-mədəni, ictimai-siyasi həyatında parlaq iz qoymuş istiqlal mücahidi, mühacirətin fəal üzvlərindən və təşkilatçılarından biri Çeyhun Hacıbəyli də xalqımızın tarixində öz yeri, öz kürsüsü olan şəxsiyyətlərdən biridir. C. Hacıbəyli böyuk Hacıbəylilər nəslinin digər qardaşları Üzeyir və Zülfüqar kimi sözsüz ki, çox möhtəşəm, çox nadir istedad sahibi olmuşdur. Peşəkar tədqiqatçı A. Tahirli çox doğru olaraq C. Hacıbəylinin əsərlərini "müəllifin tərcümanı” hesab edir. Həzrəti Əli (ə) hədislərindəndir ki; – hər kişi öz dilinin altında gizlənmişdir. Bu əsərlər Ceyhun bəyin Vətənə, millətə, dinə sədaqətinin, azadlıq və istiqlal ehtirasının parlaq təzahürü olub zəmanə meydanında kişilərə məxsus xüsusiyyətləri ilə keçdiyi həyat yoluna şərəf gətirmişdir. C. Hacıbəyli müqəddəs Qurana üz tutaraq müsəlmançılığı müdafiə edir, dini problemləri "Kaspi”nin səhifələrinə çıxarır və din adamlarına mollalara, ruhanilərə olan mənfi münasibətin səbəblərini də göstərməyə çalışırdı: ”Bizdə ruhaniləri söymək dəbdədir"– deyirdi.

C. Hacıbəyliyə görə ruhanilər haqqında mənfi rəyin yaranmasının əsas səbəblərindən biri və başlıcası ruhani təhsili verən ali məktəblərin olmamasıdır. İrana və Türkiyəyə dini təhsil almağa gedən adamlar yad mühüt və tərbiyyənin təsiri ilə geri qayıdırdılar. Bu da xalqa necə xeyir və fayda verə bilərdi?
Haqlı və güclü məntiqi ilə bizi əl tutmağa, yardımlaşmağa çağıran humanizmə yüksək dəyər verən C.Hacıbəyli yaradıcılığında xeyriyyəçilik mövzusu da əhəmiyyətli yer tutur.

Dağıstan şairi Rəsul Həmzətova verilən suallardan biri belə olur: 

– Kiçik bir dağ aulundan çıxıb bu böyüklükdə Moskvada yüksək şöhrətə çatmısınız, özünüzü xoşbəxt hiss edirsinizmi?

Şair:

– Mən heç də yuksəlməmişəm, əksinə enmişəm. Okean səviyyəsindən min kilometr yüksəklikdən, bir dağ aulundan çıxıb Moskva düzənliyinə düşmüşəm,–  cavabını verir.

Əhməd bəy Ağaoğlu dəniz səviyyəsindən 1880 metrlik Şuşa ucalığından Malta düşərgəsinin düzəngahına, C.Hacıbəyli isə Fransa düzünə düşmüşdülər. Allahın ucaltdığını kimsənin endirə bilməsinə gucü yetməz!


Əli Ağazadə
filoloq