Dünya 20:06 26.07.2013

Üsyançılar strateji şəhəri ələ keçirdilər

Azad Suriya Ordusu ağır döyüşlərdən sonra strateji əhəmiyyətə malik Xan Aselin şəhərini ələ keçirib. Ağır döyüşlərdə Əsəd ordusunun yüksək rütbəli zabitləri də daxil olmaqla 550 hərbçisi həlak olub. 

Anspress-in Suriya mətbuatına istinadən verdiyi xəbərə görə, müxaiflər, Əsəd qüvvələri ilə Hizbullah qruplaşmalarının paytaxt Şamı Hələblə birləşdirən şimal-cənub ana yolu üzərindəki Xan Aselin şəhərində müvəffəqiyyət qazanmaqla, əslində işğal olunmuş Humusun Kusayr qəsəbəsinin qisasını almış olublar. 

Məlumatda bildirilir ki, ASO Xan Aselini işğal etməklə bərabər, rejim üçün əhəmiyyətli olan Hərbi Akademiya, Topçu Məktəbi və Elmi Araşdırma Mərkəzi kimi strateji mövqelərə daha da yaxınlaşıblar. Hələb Hərbi Akademiyası isə Əsəd qüvvələrinin Hələbdəki əməliyyatlarının idarəetmə mərkəzi kimi tanınır.

Qeyd olunur ki, ASO şəhəri ələ keçirdikdən sonra qarşıdurmalar zamanı ortadan götürülməyən və buna görə də ətrafa pis qoxular yayan cəsədlərin toplanaraq Əsəd qüvvələrinə qaytarılması üçün Suriya Qızıl Aypara cəmiyyətinin bölgəyə girməsinə icazə verib. 20 nəfərdən ibarət cəmiyyət üzvləri cəsədləri yük maşınlarına yığaraq Əsəd rəhbərliyinin nəzarətində olan bölgəyə doğru hərəkət ediblər.

Müxalifətçilərin Ənsar briqadasının komandiri Əbu Şahud açıqlamasında bildirib ki, döyüşlər bitdikdən sonra ASO rəhbərliyi cəsədlərin ailələrinə təslim edilməsi barədə qərar verib. Cənazələrin dəfn edilməsinin insani bir vəziyyət olduğunu deyən Əbu Şahud, döyüşlər zamanı 550 Əsəd ordusu əsgərinin öldüyünü, çoxlu sayda əsgərin isə əsir alındığını, iki tankın da ələ keçirilldiyini deyib.