Məmməd SÜLEYMANOV
Dünya 10:54 12.02.2020

Üsyanlar öləndə...

Məmməd Süleymanov

Kütlələr hələ də gah orda, gah burda meydanlarda toplaşır. Bəzi yerlərdə onları hətta seçki qutularının qarşısında da görürük. 

Ancaq bu, qurucu, effektiv, Sistemi daha mütərəqqisi ilə əvəzləməklə nəticələnən dirəniş yox, üzücü və affektiv etirazdır.

O yerlərdə ki, kütlə hətta guya qalib gəlir və bir personajı digəri ilə əvəzləyə bilir - səhər gözünü yeni cəhənnəmdə açır və istifadə olunduğunun postfaktum depressiyasını yaşayır.

Ya da özlərini sivil adlandıran məkanlarda kütlələrin etirazlarını görürlər - ancaq hesablaşmırlar. Çarx boşuna fırlanır.

Təşkilatsız və pozitiv ideologiyasız qalan kütlələr siyasəti tərk edir. Onlara yalnız statist və "demokratiyanın imitatoru” rolu oynamağa icazə verilir.

Nə qədər ki, ideya və struktur yoxdur, kütlə də marionet olaraq qalacaq. Və bu məsələdə o, günahkar deyil.

***

Böyük Fransa İnqilabı səhnəyə kütlələri çıxardı və sankülotu vətəndaşa çevirdi. Kütlələr siyasətə bulaşdı, lokomotivə çevrildi, ictimai rəyi dəbə mindirdi.

Humanistlər və inqilabçılar kütlələrin qurucu potensialına inandı, maarifçilik, təhsil, pozitiv ideologiyalarla onların dünyanı gözəlləşdirə biləcəyinə inamlarını hifz etdi. Hakim siniflər və irtica üçün isə kütlələr qara instinktlərin və məqsədyönü dağıdıcılığın alətinə döndü.

Bu balans son onillərə qədər yaxşı-pis saxlandı. Əks halda dünya ya "Yer cənnəti” olardı, ya da çoxdan dağılardı.

Narazılar da oldu. Orteqa-i-Qasset "Kütlələrin üsyanı”nı yazdı, onların dağıdıcı rolunu qabartdı, elitarlığa tərəfdar çıxdı. 

"Avropa sivilizasiyasının inkişafı avtomatik olaraq "kütlələrin üsyanı”na gətirib çıxardı. Bir tərəfdən bu, yaxşıdır - bu yolla həyat şəraitinin möcüzəvi yüksəlişi baş verir. Ancaq əks tərəfi də var və dəhşətlidir - nəticədə müasir insanın mənəviyyatı enir” - Orteqa-i-Qasset öz məşhur əsərində qeyd edirdi.

Kütlələr hər yeri doldurdu - küçələri, meydanları, teatrları, məktəb və universitet kafedralarını. Pozitiv ideologiyalar onları quruculuğa sövq etdi, neqativlər isə kütlələri yırtıcı heyvana, dağıdıcı qüvvəyə çevirdi. Sonunculardan sonra yalnız xarabalıqlar, cəsədlər, dəhşətlər və ümidsizlik qaldı.

Bilmirəm, bizim günlərimizdə Orteqa-i-Qasset sevinərdi, yoxsa başını ovuclarının arasına alıb yenidən dəhşətə gələrdi - kütlələr səhnəni tərk edir. Onları sıxışdırıb orta əsrlərdəki mövqelərinə, haradan yüksəliş etmişdilərsə elə oraya da qaytarırlar. Və görünən odur ki, bu, bizim əsrimizin trendi olacaq.

***

Liviya və Suriyada "inqilab” üçün meydana çıxanların yerini əcnəbi deqradentlər tutdu, dünənki "inqilabçı kütlələr” isə ən ekstraordinar üsullarla Vətənindən qaçdı. Kütlələrlə başladılan proses ölkələrin əhalisizləşdirilməsi ilə davam etdi.

Fransada rəy sorğularının nəticələrinə görə 90 faiz təqaüdlərlə bağlı "islahat”ın əleyhinədir. Kütlələr aylardır ki küçələrdədir, effekt isə yoxdur ki yoxdur. "İctimai müqavilə” qüvvədən düşüb. Volterin və d`Alamberin Vətənində 90 faizin rəyi hakimiyyətdəkilər üçün heç nədir. Xalq etiraz edir, Marks dövrünün vəhşi kapitalizminə yol açan "islahatlar”ı ləğv etmək isə istismarçı sinfin heç ağlının ucundan da keçmir.

Bu misallar kütlələri siyasi meydandan vurub çıxarmağa, onlara öz gücsüzlüyünü təlqin etməyə və sonunda da onları qorxaqlaşdıraraq (Sizdən heç nə asılı deyil, bilirsizmi?!) birdəfəlik apolitik, apatik etməyə, atomlaşdırmağa yönəlib.

Yəni, Suriya və Liviyada başlanğıcda kütləyə, onun etiraz gücünə və fəallığına, ədalətsizliyə qarşı savaş açmaqlarına apellyasiya edirdilər. Sonra hara qeyb oldu o kütlə? Sağ qalanlar ölkələrini tərk edib qaçdı. Ölkələr xarabalığa döndü. 

Mesaj da aydın oldu - kütlələr özbaşına Sistemə qarşı çıxarlarsa, bu dağıntılar hər yerdə təkrarlanacaq. Qalır sifarişlə etiraz - onun da nəticəsi sifarişçinin istədiyi formada olacaq. Sifarişçi və rejissorlar isə nəhslikdən xaosun artırılmasına və qlobal kapitalizmə xoş gəlməyən anklavların məhvinə meyllidirlər. Və bundan sonra ifrat istismara baxmayaraq hansı periferiyada kütlələr öz həyat səviyyəsini yüksəltmək uğrunda özbaşına savaşa başlamağa risq edər? Və təlqin olunur: vəziyyət düzəlməyəcək, üstəlik stabillik də itiriləcək.

Fransa nümunəsi isə prosesin təkcə periferiyalara yox, mərkəz kapitalizminə də yayıldığının göstəricisidir. Aylarla dirəniş, ictimai rəydə maksimum üstünlük - nəticə isə yoxdur ki yoxdur.

Yeni mənzərə formalaşır və onu Cek Londonun "Dəmir daban” əsərindəki təsvirlərə bənzətmək olar. "Dəmir daban” - oliqarxiyanın metaforası total nəzarəti ələ keçirib, etirazçı kütlələr siyasətdən uzaqlaşdırılıb, "yeraltılar”ın (ən çox əzilənlərin) özbaşına, xaotik qiyamı isə mənasız və faydasızdır.

***

Bu gedişlə kütlənin yerini marginallar tutacaq. Və Sistemə qarşı yalnız marginal qruplar çıxacaq (eynilə "Tupamaros”, RAF, "Montoneros” tipli).

Sistemin etirazları yatırmaq üçün bəslədikləri də marginallar olacaq.

Cek Londonun "Dəmir daban”ında ştreykbrexerlərə daha ehtiyac qalmamışdı. Çünki, Sistemin nökərləri tamamilə Sistemə inteqrasiya etmişdi. İndi də qlobal trenddə çeşidli marginallar (fərq etməz, "ölüm eskadronları”, yoxsa destruktiv sektalar və ya ultraradikal dinçilər formasında) vaxtilə Düvalye Haitisindəki tonton-makutların rolunu ifa edəcəklər. Coğrafi cəhətdən uzaq məkanlar üçün isə "Əl Qaidə” və "İŞİD”i yaratmaq olar.

Bəs kütlə? Kütləyə yalnız Sistemin növbəti dəfə alqışlanmasına ehtiyac yarananda meydanlara çıxmağa icazə veriləcək. Ki, əl çalaraq odalar oxusunlar...