İdman 13:13 29.05.2013

Tale Heydərov Yuri Syomindən danışdı

"Yuri Syominlə müqaviləni 1+1 il prinsipiylə bağlamağımız hər iki tərəfin istəyi nəticəsində oldu”. 

Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun prezidenti Tale Heydərov deyib.

T.Heydərov ikinci dəfə keçirilən Qəbələ kubokunun ilk oyun günü jurnalistlərlə görüşüb. Media nümayəndələrinin suallarını cavablandıran klub rəhbəri əsas komandaya rusiyalı mütəxəssis Yuri Syominin təyinatı ilə bağlı fikirlərini açıqlayıb: “Syomini seçməyimiz onun MDB məkanından olması ilə bağlıdır. Regionu yaxşı tanıyır, futbolçuların qabiliyyətinə bələddir. Bizim Braziliya və Hollandiyadan da namizədlərimiz var idi. Lakin həmin amilə görə Yuri Syominə üstünlük verdik”.

T. Heydərov Qəbələdə təşkil olunan 15 yaşadək futbolçular arasında turnirin əhəmiyyəti haqda da danışıb: “Qəbələ” klubunun belə bir infrastrukturu, stadionu, meydançaları, şəraiti varsa, niyə də belə turnirlər təşkil etməyək? Belə beynəlxalq matçlarda güclü komandalarla görüşən futbolçularımız da oyun təcrübəsini artırmış olur”.

Qaynar.info