Ölkə 17:28 08.01.2013

Tanınmış azərbaycanlı jurnalist aclıq aksiyasına başladı

O, eyni kamerada saxlanılan digər azərbaycanlı fəala dəstək üçün bu addımı atıb

İranın paytaxtı Tehran şəhərinin Evin həbsxanasında saxlanılan tanınmış azərbaycanlı jurnalist və fəal Səid Mətinpur aclıq aksiyasına başlayıb. HRANA-nın məlumatına görə, bu barədə S.Mətinpur zindanda yazdığı məktubunda bildirib. Jurnalist onunla eyni kamerada saxlanılan digər azərbaycanlı fəala dəstək olmaq üçün aclıq aksiyasına başladığını yazıb: “İşçilərin hüquqlarının müdafiəsi üzrə azərbaycanlı fəal Rza Şəhabi həbs edilən zaman ağır işgəncələrə məruz qalıb. Nəticədə onurğa sütununa ciddi zədə dəyib. R. Şəhabi müalicə olunması üçün dəfələrlə müraciət etsə də, hələ də xəstəxanaya göndərilməyib. Hazırda səhhəti ağır olan R.Şəhabinin müalicə almağa çox ehtiyacı var. Əks halda iflic ola bilər. Xəstəxanaya göndərilməməsinə etiraz olaraq, o 20 gündür aclıq aksiyasına başlayıb. Azərbaycanlı fəala dəstək olmağı özümə mənəvi borc bildim və mən də yanvarın 5-dən aclıq aksiyasına başladım. Bunu hər bir azərbaycanlı edərdi”.

S.Mətinpur onu da yazıb ki, saxlanıldığı kamerada müalicəyə ehtiyacı olan başqa məhbuslar da var: “ Mən 3 il yarımdır ki, həbsdəyəm. Burada baş verən cinayətlərin içərisində yaşayıram. Mənimlə yeni kamerada qalan 4 məhbus artıq edam edilib. Bir neçə nəfər isə vaxtında müalicə almadığı üçün ölüb. İndi də səhhəti ağır olan və tibbi yardım göstərilməyən bir neçə nəfər var. Rza Şəhabi onlardan biridir”.

Qeyd edək ki, S. Mətinpur 2008-ci ildə Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən 8 il azadlıqdan məhrum edilib. O əcnəbilərlə əlaqəyə girərək İranın dövlət quruluşuna qarşı təbliğat aparmaqda təqsirləndirilib.

APA