Salam SarvanKül keçəlin başına…
Bir demişdim, bir də deyim: sanki and içmişik ki, dünyada yaradılmış bütün dəyərlərin anasını ağladacağıq. Hərçənd ki, biz daha and-zad içmirik, söyüş-zad qoyuruq.
Vay-vaay, biz dünyanın ən dahiyanə əsərini dilimizə bərbad tərcümə eləyib cındıra döndərərik.
Vay-vay-vaay, biz dünyanın ən gözəl filmini eybəcər dublyaj eləyib andıra döndərərik.
Vay-vay-vay-vaay, biz dünyanın ən maraqlı televiziya verilişinin əndirabadi anoloqonu yaradıb pındıra döndərərik.
Dünyanın yerinə olsam, bizimkilərə deyərəm: a bala, dəymə də mənim malıma, get özünkünü yarat da.
Vay-vay-vay-vay-vaay, bizim kanallardakı bəzi verilişlərdə şeytan tükü var. Onların baykotu qeyri-mümkün. Onlara baxmamaq şansı yox.
Məsələn, evdə oturub Rusiya kanalına baxdığım yerdə Rusiyada alver eləyən xalaoğludan zəng gəlir ki, ayə, tez bi dənə filan kanala bax. Ürəyim qopub yerə düşür ki, yəqin o vaxt əsgərlikdən gələndə bizə gözaydınlığına gəlmiş qoca arvadlar üzümdən öpən yerdə gizli çəkilmiş şəkilləri göstərirlər. Tez həmin kanala çevirirəm və görürəm ki, Əli Mirəliyev hansısa müğənninin döşündən-başından danışır.
Qohum-əqrabanın, dost-tanışın zəngi olmasa belə, məsələn, “Toylar kralı”nın getdiyi gün mütləq yuxarı mərtəbədəki Zemfira xalanın televizoru xarab olacaq və gələcək bizə və kanalı dəyişdirtdirəcək və mən də onun yanında oturub müğənni Əlifağa Təvəkküloğlunun repertuarına axıradək baxmalı olacağam.
Tooba, olmuş əhvalatdı. Bir dəfə televizorum elektrikə qoşulu halda birdən xarab olmuş, ustaya aparmağa vaxt olmadığından iki gün bu vəziyyətdə qalmış və... Məhz “Ay Zaur”un başladığı anda öz-özünə düzəlib işə düşmüşdü.
Bir dəfə isə əməlli-başlı möcüzə baş vermiş, televizorumun kanalı öz-özünə NTV-nin “Aşkar Rusiya” verilişindən beyqəfil Həmid Herisçinin pirlər barədə danışdığı “Gizli Azərbaycan” verilişinə keçmişdi. Vay-vay-vay-vay-vay-vaay...
Yazının bura qədər olan 1780 işarəlik hissəsi, əslində, bundan sonrakı 300 işarəlik əsas məsələyə bir giriş. Söhbət Azərbaycan kanallarında itkinləri axtaran verilişlərdən gedəcək.
Qardaş, sən bu verilişlərdə ekspert, qonaq, tamaşaçı qismində dəvət olunanların davranışlarına bax. Onların kimisə axtaran və kim tərəfindənsə axtarılan adamlara ünvanlanan “Əxlaqi-nasiri”, “Kəlilə və Diminə” janrında yekəxana nəsihətlərinə bax. Onların qarşılarındakı həmin “müttəhimlərə” yönəlmiş danlaqlarına, ittihamlarına, tənbehlərinə bax.
Və bu zaman həmin ekspert-qonaq-tamaşaçıların aldıqları zahiri və daxili pozaya fikir ver. Həə sən öl, bizim kənardan sadə, fağır, yazıq görünən həmvətənlərimiz, əslində, potensial cəlladdırlar, başkəsəndirlər, sadəcə, Allah əllərinə “balta” vermir.
Vay-vay-vay-vay-vay-vay-vaay, bizim itkinləri axtaran verilişlərimizdə bəzi adamları, doğrudan da, tapıb bir-birinə qovuşdururlar. Amma bu vüsalı onların burnundan mütləq gətirirlər də. Bu ekspert-qonaq-tamaşaçılar özlərini göstərməkçün o binəvalara sözün həqiqi mənasında can dadlısını göstərirlər. Psixoloq-ekspert onları dəli çıxarır, hüquqşünas-ekspert cinayətkar elan eləyir, dindar-ekspert boyunlarına kafirlik qoyur...
Bu verilişlərdən dəfələrlə başını götürüb qaçan olub. Adam da olub ki, axtarıldığını bilə-bilə o verilişlərdəki ekspert-qonaq-tamaşaçıların çənginə keçməməkçün bir az da dünyanın dərinliklərinə, qaranlıqlarına çəkilərək daha bərk gizlənməyə çalışıb.
Hə e hə, bizim adamaxtaran verilişlərimiz itkinlərin sorağına sanki bu hikkəylə düşürlər: “Səni tapıb ağzını cıracam”. Vay-vay-vay-vay-vay-vay- vay-vay-vay-vaay...
Tük keçəlin başına.
Publika.az
Şərhlər