Ölkə 17:53 17.03.2018

Tarix İnstitutunun gəncləri konfrans keçirəcək

Mayın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu tərəfindən "Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi” mövzusunda gənc tədqiqatçıların respublika elmi konfransı keçiriləcək.

Tarix İnstitutundan Qaynarinfo-ya bildirilib ki, konfrans ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib.

Tədbirdə "XX əsrdə türk-müsəlman xalqlarına qarşı deportasiya və soyqırımları”, "Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikasının xarici siyasəti: oxşar məqamlar”, "Şimali Azərbaycan və türk xalqları yaşayan digər ərazilərdə çarizmə qarşı azadlıq mübarizəsi”, "Azərbaycan SSR və digər müttəfiq respublikalarda sovet rejiminə qarşı azadlıq mübarizəsi. Mühacirət” və "Heydər Əliyev Azərbaycan Respublikasının qurucusudur” bölmələri üzrə məruzələr dinləniləcək.

Tezislərin həcmi 250-300 sözdən artıq olmamalı və elektron variant [email protected] ünvanına göndərilməlidir. Tezisin mətni Microsoft Word 2007-2010-da Times New Roman şrifti ilə yığılmalıdır. Şriftin ölçüsü 14, sətirlərarası interval 1.5, sol tərəfdən məsafə 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan isə 2 sm olmalıdır. Tezislərin adının üstündə sağda müəllifin adı və soyadı, altında isə çalışdığı müəssisənin, təşkilatın və şəhərin adı, elmi dərəcəsi, elmi adı və e-poçtu qeyd olunmalıdır.

Tezislər aprelin 15-dək Təşkilat Komitəsinə göndərilməlidir.

Konfransın materialları çap olunacaq və iştirakçılara paylanılacaq. Konfrans iştirakçılarının yaş həddi 35-dir.