"Blockchain" texnologiyasından istifadə olunan ilk prezident seçkisi martın 7-də Syerra-Leonedə həyata keçirilib.

Qaynarinfo kripto.az-a istinadən xəbər verir ki, seçkidə isveçrəli tərtibatçıların hazırladığı "blockchain" startapı "Agora”dan istifadə edilib.

Syerra-Leonedəki prezident seçkiləri üçün xüsusi olaraq "Agora” 2 ildir hazırlanırdı. Buna bənzər sistemlər icazəli "blockchain" şəbəkələri kimi tanınır və yaradılmış "blockchin" şəbəkəsindəki bloklar bir qrup iştirakçı tərəfindən təsdiq edilə bilir. Bunun sayəsində seçicilər şəbəkə üzərində müəyyən seçim və əməliyyatlar edə bilərlər.

"Agora” və Syerra-Leone səlahiyyətliləri məlumat təhlükəsizliyi baxımından "blockchain"in çox faydalı olduğunu düşünürlər. Səslər hesablanmaq üçün Qırmızı Xaç, İsveçrə Federal Texnologiya İnstitutu və Fribourq Universitetinə göndərilib. 

"Agora”nın CEO-su Leo Qammar bu açıqlama ilə çıxış edib: "Syerra-Leoneni dünyaya necə vizyonçu olduqlarını göstərdikləri üçün təbrik etmək gərəkdir. Xalqa aydın və xərcsiz bir seçim təklif etdilər”.

Martın 7-də keçirilən seçki tarixi əhəmiyyətə malik idi. Ölkədə ilk dəfə 2-dən çox namizədin qalib gəlmək ehtimalının olduğu və parlamentdəki müxtəlifliyin arta biləcəyi bir seçki baş tutub. 1961-ci ildən etibarən iqtidar partiyası Bütöv Xalq Konqresi (APC) və Syerra-Leone Xalq Partiyası parlamentdəki yerləri aralarında bölüşürüb. Bu seçkidə 16 namizəd olub.

Həmçinin bu seçki səsvermə saxtakarlığı ilə qarşılaşmış ölkələr üçün demokratikləşmə baxımından yaxşı bir addım hesab edilə bilər. Erkən mərhələdə olmasına baxmayaraq, "blockchain" ilə səsvermə prosesi dünyada böyük demokratik irəliləyişə səbəb ola bilər. "Blockchain" sisteminin ənənəvi sistemlə müqayisədə aşağı qiyməti, səhvlərin ehtimalının daha az olması və seçki nəticələrin tez müəyyən edilməsi üstünlükləri var. Digər tərəfdən, blockchain texnologiyası əvvəlki rəqəmsal səsvermə sistemlərindən daha təhlükəsizdir və seçici məlumatlarını daha yaxşı qoruyur.

"Agora”nın COO-su Yaron Lukasieviç bunları bildirib: "Gələcəkdə bütün seçkilər Blockchain əsaslı seçki sistemləri ilə həyata keçiriləcək. Blockchain yeni texnologiyalar arasında həqiqətən şəffaf və etibarlı seçki təklif edə bilən yeganə sistemdir”.