Ruslan Dost
Siyasət 16:17 06.03.2019

Təbriz adlı oğullar və Şimali Makedoniya

Ruslan Dost Əli

Bir neçə gün öncə Təbrizdə "Traktorsazi" futbol klubunun sonuncu oyununu izləmək üçün stadiona yüz mindən çox azərbaycanlı toplaşmışdı. Həmvətənlərimizin prinsipiallığı, bütöv Azərbaycan sevdası adamı heyrətə gətirir. Canı bir, qanı bir insanları bir-birindən ayıran siyasi rejimlərə hayqırmaq, sərhədləri ayağının altına almaq istəyirsən... Birdən qolların boşalır, süstləşirsən, düşünürsən ki, ay kişi, nə siyasi rejim, nə sərhəd, biz hələ içimizdəki səddi belə aşa bilməmişik... 

Bu dəfəki yazıya siyasi çalarlar qatmaq istəməsəm də, bu dünyada hər şeyin siyasət olduğunu qəbul eləməliyik. Çünki məsələnin bir tərəfi həmişə gedib ona dirənir. Biraz dərinə getsək, əslində sevginin də bir siyasət olduğunu deyə bilərik... Amma mən bu dəfə sevginin siyasətindən danışmaq istəmirəm. Bu dəfə elə bir sevgidən danışmaq istəyirəm ki, siyasət onun yanında çox balaca görünür, əslində isə heç görünmür...

Bu ölkədə oğlunun adını Təbriz qoyan ataların vətən yanğısı adamın cızdağını çıxardır. Vətənə oğulluq eləyə bilmədiyini başa düşənlər oğlundan vətən düzəldir. Vətən boyda dərdi oğul boyda dərdə çevirir. O dərdi sevir, əzizləyir, başına sığal çəkir. Daş daşıyır, əziyyət çəkir dərdini böyüdür. -- Özündən acığını belə çıxanlar da var... Bu, təskinlik deyil. Bu, həyatın insana yox, məhz insanın özünə ən böyük ironiyasıdı. Özü də əclafcasına!

Təbrizlər yavaş-yavaş böyüyür, boya-başa çatır, hərəsi bir iş sahibi olur: Usta Təbriz, aşıq Təbriz, sürücü Təbriz... Bu təbrizlərin əlinin mazutunda vətənin ağrısını, çaldığı havada ürək yanğısını, getdiyi yolda bitib-tükənməyən həsrətini hiss eləyirsən... Üz-gözü yad adamların adından gələn doğmalığın Vətən olduğunu anlayırsan. Bütün təbrizləri qucaqlamaq, bağrına basmaq istəyirsən. Ancaq ürək eləyib bağrına basmadığın bu adamlar yaraya basılan duzdan betər yandırır səni... Hüsnünə doya-doya baxa bilmədiyin Təbrizin adını daşıyan oğulların da üzünə baxa bilmirsən, ya da baxıb köksünü ötürürsən. Dodaqlarının altında "kimlər gəldi, kimlər getdi" mahnısını "nə təbrizlər gəldi-getdi bu dünyadan, bu dünyadan" və "bircə Təbrizin eşqinə, bircə Təbrizin eşqinə..." kimi zümzümə eləyirsən.

Bu yaxınlarda Makedoniya Respublikası rəsmi olaraq Şimali Makedoniya adlandırıldı. Nə qədər sevindirici hal olsa da, bir o qədər də üzücü idi. Adam fikirləşir ki, Mekedoniyanın hansısa futbol klubu üçün Yunanıstanda yaşayan makedoniyalılar bir neçə gün öncə azərbaycanlıların yaratdığı heyrətamiz mənzərini yaratmamışdılar axı. Yəni o qədər asan ikən bu qədər çətin oldu?
Futbol meydançasından bu taya ötürülən mesaj -- "Traktorsazi"nin vurduğu qol o tayla bu tayın qol-boyun olmağı üçün dəyişməyimizin zəruri olduğuna bir işarə idi... Adımızı dəyişməkdən başlamalıyıq... 

Onminlərlə azərbaycanlının meydanlardan böyük şövqlə "Azərbaycan var olsun, istəməyən kor olsun" şüarına cavab verməyin, var olduğumuzu göstərməyin vaxtıdı.
Qoy, bu ölkədə atalar öz oğullarına Təbriz adını qoysunlar. Qoy, atalar bu ölkədə dərdini yox, sevincini böyütsün. Bir də, qoy, təbrizlər Təbrizin küçələrində futbol oynaya bilsinlər...