1893-cü ilin yanvarın 31-də Aza Qriqqs Kendler adlı sahibkar "Coca-Cola” əmtəə nişanını qeydiyyatdan keçirir. 

122 il ərzində bu içkinin tərkibi kifayət qədər dəyişib. İlk "Coca-Cola" Con Stit Pemberton tərəfindən 1886-cı ildə icad edilən və əczaxanələrdə morfinizm, əsəbi gərginlik, depressiya və həzm problemi ilə bağlı dərman vasitəsi kimi cövhər şəklində satılırdı. Onun tərkibi koka yarpaqları və tərkibində kofein olan kola qozasından ibarət idi. 

XIX əsrin sonlarında kokainin zərəri aşkarlandıqdan sonra 1903-cü ildə kokain içkinin tərkibindən çıxarılır. Dövrümüzə qədər "Coca-Cola"nın əsl tərkibi sirr olaraq saxlanılır. Sadəcə məlumdur ki, onun tərkibinə şəkər, şəkər rəngləndiricisi, fosfor turşusu, kofein, təbii aromatizatorlar və karbondioksitdən ibarətdir. 

Dünyanın ən bahalı brendlərindən biri olan "Coca-Cola" dəfələrlə tənqidlərə məruz qalıb. 

Görəsən "Coca-Cola" həqiqətən də alkoqol və tütün qədər zərərlidirmi? Aşağıda kola ilə bağlı dünya mətbuatında dərc olunan elmi araşdırmalar, onun insan orqanizmi üçün təsiri ilə bağlı məlumatlardan bəzilərini təqdim edirik:

Piylənmə, qaraciyərin piylənməsi, həzm sisteminin pozulması 

Çoxsaylı araşdırmalara görə, müasir dövrün ən təhlükəli epidemiyası – piylənmədir. Bunun əsas səbəbi hamburger və qızardılmış kartof deyil, qazlı şirin içkilərdir. ABŞ-ın Penninqton bioloji Tibb Mərkəzinin professorlarının araşdırmalarına görə, hər gün qəbul edilən 1 litr şirin qazlı içki altı ay ərzində həzm sisteminin pozulmasına, ürək-damar xəstəliklərinə, qaraçiyərin piylənməsinə və diabetin yaranmasına yol açır. 
 


Böyrək xəstəlikləri 

İtaliya və ABŞ alimlərinin birgə araşdırmalarına görə, "Coca-Cola"nı hər gün qəbul edənlərin böyrəklərində daş əmələ gəlmə riski 23% çoxdur. Həmçinin digər şirin qazlaşdırılmış içkiləri qəbul edənlərdə bunun yaranma riski 33%-a bərabərdir. 8 il ərzində aparılmış tədqiqatlar əsasında 194 095 nəfərdən 4462-ində sidik kisəsində daş əmələ gəlməsi aşkarlanıb. 

Coca-Colanın qəbulu bədəndən kalsiumun xaric olmasına səbəb olur. Yaponiyanın Hirosaki Universitetinin alimləri araşdırıb ki, "Coca-Cola"nın qəbulundən 2 saat sonra sidikdə kalsiumun miqdarı artıb. 

Hipokalimiya (qanda kaliumun azalması) 

Yunanınstanın Tibb Məktəbinin alimlərinin araşdırmalarına görə, "Coca-Cola"nın çoxlu sayda qəbulu hipokalimiyaya yol aça bilər. Bu, yüngül formada halsızlıq, yorğunluq və əzələ ağrıları ilə özünü göstərir. Ağır formada isə ürək və skelet əzələlərinin iflicinə yol aça bilir. 
 


Cinsiyyət orqanlarının həddindən artıq fəallığı 

Harvard Tibb Məktəbi alimlərinin araşdırmalarına görə, qazlı şirin içkilərin qəbulu qızlarda erkən cinsi yetişkinliyə səbəb olur. Qadınlarda cinsi hormon estogenlərin həddindən artıq ifrazı süd vəzi xərçəngi, yumurtalıqların xərçəngi və digər ağır xəstəliklərə səbəb olur. 

Dişlərin sağlamlığı 

British Dental Journal-ın dərc etdiyi məlumatlara əsasən, yüksək turşuluqlu içkilər dişlərdə mina təbəqəsinin eroziyasına səbəb olur. Dişlərin bu cür zədələnməsi kariyeslə əlaqədar deyil – burada dişlərin mina təbəqəsi zədələnir.