Ölkə 14:35 23.07.2013

Təhsil ekspertindən TQDK-ya daha bir dərs

TQDK- nın monopoliyası davam edir.


İyulun 14- də III qrup üzrə imtahanlar keçirildi. TQDK telekanal vasitəsilə abituriyentlərin suallarını cavablandırdı. Hesablama apardım: verilən sualların təqribən  yarısı Azərbaycan dili fənninə aid idi. Bəzən eyni sualı üç dəfə təkrar soruşurdular. Səbəb aydın idi: testlərdə ciddi elmi- metodiki yanlışlıqlar vardı. Bəzi nöqsanlarına baxmayaraq, buraxılış imtahanlarında istifadə edilmiş test nümunələri  sadə və anlaşıqlı   idi- təqdir etdik. Bu halı qəbul imtahanında da görmək istədik- tam əksini müşahidə etdik. Ən maraqlısı budur ki, TQDK rəsmiləri müxtəlif təhsil mərkəzlərinin apardığı təhlili nəinki müzakirə etmək istəmir , hətta yaxına buraxmır  və buna qısqanclıqla yanaşır.  Bu isə səlahiyyət  həddini aşmaqdır. Bu yazıda  C variantında öz əksini tapmış  bircə sualın üzərində dayanmaq istəyirəm.
    
Dəmirağacın oduncağı  dəmir kimi olur, davamlı və möhkəmdir. Hündürlüyü 14-25 metrdir. 200 ilə qədər yaşayır. Çox qollu budaqlıdır, əvvəlcə çiçək açır, sonra yarpaqlayır, istisevən bitkidir. Daha çox Azərbaycanın talış meşələrində və Xəzərin cənub sahillərində bitir. Şəki- Balakən massivində də dəmirağac meşələri var.

Göründüyü kimi, sırf elmi məlumatdır. Şübhə doğurmur ki, hər hansı dərslikdən götürülüb. Lakin test müəllifləri  mətnin dilinin sadə və aydın, lüğət tərkibinin anlaşıqlı olmasını əsas gətirib  onu publisistik üsluba aid ediblər. Bunu biz verilişin gedişi zamanı müşahidə etdik.

Əvvəla, funksional üslub dedikdə  müəllifin  əsas məqsədinin nə olduğu nəzərdə tutulur.  Publisistik üslubun başlıca keyfiyyətlərindən heç biri bu mətndə müşahidə edilmir . Burada nə  günün aktual məsələsi, nə ictimai təsirlilik, nə həyəcan təbili və emosionallıq, nə çağırış,  nə də mövqelərin qarşıdurması görünür. Dilinə gəldikdə isə,  müraciətlər, nida və əmr cümlələri və  ya arqumentləşdirmək cəhdləri  də bu mətn üçün xarakterik deyil. Məgər elmi üslubda təqdim olunan yazılar sadə, anlaşıqlı dildə olmur? Axı  dərsliklərə verilən tələblərdən biri də məhz budur. Ola bilər ki, müəllif mətndə terminlərin olmamasını əsas gətirmək istəsin.

Bu da yersiz arqumentdir, çünki hər kiçik  elmi məlumatda termin işlənməsi məcburi deyil. Digər tərəfdən, əgər söhbət ümumi şəkildə ağacdan deyıl, onun konkret  növündən gedirsə, deməli, termin var. Tamamilə ayrı məsələdir ki, bu mövzuda publisistik məqalə yazmaq olar. Əgər, doğrudan da, dəmirağacın tükənmək təhlükəsi varsa yaxud  bu ağac növünü əkib-çoxaltmaq günün təxirəsalınmaz  işinə çevrilibsə, onda elmi- publisistik üslubdan söhbət gedə bilər, halbuki söylədiklərimiz verilmiş mətndə yoxdur.

Əlbəttə, C variantındakı nöqsanlardan yalnız birini yazdım. Təəssüf ki, məsələ bununla  bitmir. 4- cü və 8- ci suallar onu deməyə əsas verir ki, bizim balalarımız sanki Azərbaycan deyil, ərəb dilini öyrənirlər.  Müəlliflər 8- ci testdə “ecazkar” sözünü tərkib hissələrinə bölünən və düzəltmə   hesab edirlər. Əgər gələn il “eynək”  sözünü də düzəltmə hesab etsələr, təəccüblənməyin, çünki bu söz də izahlı lüğətdə var. 13- cü sualda verilmiş cümlələrdən birini  intonasiyasından asılı olaraq, həm tabesiz, həm də tabeli mürəkkəb cümlə kimi işlətməyin mümüknlüyü barədə soruşulur, halbuki orta məktəb dərsliklərində tabeli və tabesiz mürəkkəb cümlələrin bir- birinə transformasiyası barədə heç nə yoxdur. 14-cü sualda  dərslikdə olmayan qeyri-məhsuldar –a,-ə şəkilçilərinə aid araşdırma tələb olunur. Hələ testin əzbərçi xarakterini bir yana qoyuram, yəni bu tip tapşırığı kontekstdə verməklə abituriyentin biliyini yoxlamaq olardı. Başqa sualları izah edərkən müəlliflər  dərsliklərə istinad etsələr də, 13 və 14- cü sullara çatanda  onların  mənbəyini göstərməkdən yan keçirdilər, çünki dərslikdə mənbə yoxdur(məlumatın az əhəmiyyətli və ya müvafiqliyi nəzərə alınmışıdr). 16- cı sualda  köhnə mərəz yenə də özünü büruzə verir, yəni müəllif özü yalan ifadə işlədir(sözdəki g səsi, halbuki sözdə belə səs yoxdur; bunu başqa cür ifadə etmək olardı: sözdəki son səs).
   
Belə olnda qeyri- iradi  düşünürsən: dəfələrlə tənqid olunmasına baxmayaraq,  niyə belə testlərdən istifadə edilir?  Kimə güvənərək TQDK  “Yalnız bizim cavablar doğrudur” fikrini verdikt şəklində söyləyir?  Bəs rəsmilər hara baxır, niyə belə özbaşınalıqlara son qoyulmur? Bu yerdə  Elşad Abdullayevin  dediyi bir cümlə yadıma düşür: ”Orada – qəbulda 700 bal toplayanlar var e...”  Görəsən, eybəcər ənənə davam edirmi?  Bütün şübhələr  onu deməyə əsas verir ki, abituriyentlərin qarşısında yaradılmış süni maneələr yuxarıdan dəstəklənir, yəni lazım olan adamları nüfuzlu fakültələrə yerləşdirmək üçün baryer  qururlar.

Nabatəli Qulamoğlu
"Azadlıq" qəzeti