Ölkə 14:44 15.11.2013

Təhsil Nazirliyindən "cehizlik diplom" açıqlaması

“Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyən olunması öz əksini tapıb”.

APA-nın xəbərinə görə, bunu bu gün nazirlikdə keçirilən treninqdə İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov deyib.
 
Bu məsələyə aydınlıq gətirən Cəsarət Valehov bildirib ki, bu gün hər bir dövlət və özəl ali təhsil müəssisələrində həm dövlət sifarişli, həm də ödənişli təhsil mövcuddur. Onun sözlərinə görə, artıq dövlət sifarişli ixtisasları universitetlər özləri seçəcək və kadrlar dövlət sifarişinə uyğun hazırlanacaq: “Bununla da əvvəldən müəyyənləşdirilmiş qəbul planına ehtiyac olmayacaq. Hər il hər bir universitetdə dövlət sifarişi ilə olacaq ixtisaslar müəyyənləşəcək və ali məktəblər öz akademik imkanlarına uyğun qəbul planını verəcək”.
 
Müəllimlərin bilik və bacarıqlarının artırılması ilə bağlı görüləcək işlərdən də danışan C. Valehov qeyd edib ki, bu gün müəllimlərin qiymətləndirilməsi həyata keçirilmir və bunun nəticəsində də onların əksəriyyəti eyni əmək haqqı alır. Onun sözlərinə görə, gələcəkdə müəllimlər hamısı attestasiyadan keçiriləcək və bunun nəticəsində hər bir müəllim öz savadına uyğun olaraq əmək haqqı alacaq: “Bundan əlavə, strategiyada müəllim hazırlığı sistemində internatura modelinin tətbiq edilməsi nəzərdə tutulur. Bunun nəticəsində abituriyentlər aşağı balla müəllimlik ixtisaslarına yiyələnə bilməyəcəklər. Bundan əlavə, hər bir müəllim ixtisasında təhsil alan tələbə sonradan müəllim kimi fəaliyyət göstərmək istəyirsə, səhiyyə sahəsində olduğu kimi internaturaya cəlb ediləcək. Yəni ali təhsil aldığı dövrdə topladığı biliklər və onu təhsildə tətbiq etmək bacarığı yoxlanılacaq. Biz artıq cehiz diplomlardan qurtulmaq istəyirik”.

Qaynar.info