Tanımadığınız xarici nömrələrdən gələn mesaj və "email”lərin sırasına zənglər əlavə olunub.

Son günlər telefonuna tanımadığı xarici nömrədən zənglərin gəldiyini dəyən şəxslərin sayı artıb. Bu səbəblə, məsələni araşdırmaq qərarına gəldik.

İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov bununla bağlı Metbuat.az-a açıqlamasında bildirib ki, bu cür mesaj və zənglər dələduzluğun bir növüdür:
"Xarici ölkələrdən gələn "email”, mesaj və zənglərin məqsədi var. Bunları bir neçə qrupa bölmək olar. Məsələn, xaricdən gələn "email”lər çox vaxt dələduzluq məqsədilə göndərilir. Bank hesablarına pul köçürələcəyi yalanıyla insanların hesablarının şifrələri alınır. Şifrə deyildikdən sonra hesabdakı pul avtomatik olaraq oğurlanır.

Telefona zəng etməklərinin məqsədi isə balansdakı məbləği mənsiməkdir. Belə ki, adi bir xarici nömrədən gələn zəngin qiyməti 10 sentdirsə, bu nömrələrdən gələn zənglər qat-qat çox olur. Bu nömrələr pullu servis xidmətlərinə aiddir. Bu qruplar xarici ökələrə zəng etməklə bu şəkildə külli miqdarda pul qazanmış olurlar. Belə zənglər hər bir kəsə gələ bilər. Mənim özümə də Yaponiya və digər uzaq ölkələrdən gəlir. Lakin yaxın bir adam da xaricdən zəng edə bilər. Amma əsasən bu tipli zənglər pul qazanmaq naminə edilir. Onlar bahalı tariflər tədbiq etməklə o nömrəyə zəng edən insanların pulunu ələ keçirirlər. Bu da dələduzluğun bir növüdür”.

Vəkil Sahib Məmmədov isə qeyd edib ki, problemin qarşısının alınması üçün nə isə etmək mükün deyil:
"Sosial şəbəkələr, Votsap və mobil rabitə üzərindən insanlara tez-tez mesaj və zənglər gəlir. Bunlar dələduzlar tərəfindən yayılır. Bəzən şirnikləndirici təkliflər olur. Xüsusən, elektron poçt üzərindən gələnlərdə çox böyük məbləğlər təklif olunur. Dünyada bu cür xuliqanlıq və kiber cinayətə qarşı mübarizə hələ ki, transmilli xarakter daşıyır. Bununla bağlı bir ölkə çərçivəsində nəsə etmək mümkün deyil. Yalnız beynəlxalq çərçivədə hansısa tənzimləyici dövlətlərarası razılaşma olmalıdır. Birləşmiş Ştatlar və digər ölkələrdə mobil rabitə, elektron poçt və sosial şəbəkələr üzərinə nəzarət qoyulub. Son dövrlər "Facebook”la bağlı yaşanan gərginliklər də bunu göstərdi. Amma bunu qeyri-rəsmi edirlər. Belə çıxır ki, hazırda yaşanan problemin qarşısını almaq üçün sosial nəzarət qoyulsun. Kimin hansısa bir ölkəyə məqsədli mesaj göndərməsi, zəng etməsi müəyyən olsun və ona qarşı tədbirlər görülsün. Bu gün Amerikadakı hər hansı bir dostunuzdan da mesaj ala bilərsiniz, dələduzdan da. Bu səbəblə, qeyd olunan problemə nəzarət, ümumiyyətlə dövlət tərəfindən onun müəyyənləşdirilməsi çətindir”.