Sənət 15:15 21.06.2014

Ötən günləri, əlbət, sən də xatırlayırsan - Leyla Əliyeva

“Tək səndin mənə doğma, bu fani dünyamızda”.

Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib.

Qaynar.info “Ulduzlar pillə-pillə düzülsəydi səmaya” (Если бы звезды ступеньками стали) adlı həmin şeiri təqdim edir:

Ulduzlar pillə-pillə
Düzülsəydi səmaya,
Ay da nurun səpsəydi
Kəhkəşanlı yollara
Birər-birər qalxardım,
Baş vurardım göylərə,
Səni oradan alıb,
Qaytarardım geriyə...

Külək qadir olsaydı,
Hissləri çatdırmağa,
Açaraq ürəyimi,
Verərdim tufanlara.
Coşardım, bağırardım,
Göyə, külli-aləmə.
Sən də duyardın yəqin,
Darıxmışam mən necə...

Səsin hələ canlıdır,
Ürəkdədir o vaxtdan;
Ötən günləri, əlbət,
Sən də xatırlayırsan...
Çaylar çatdırsa mənə
Dediyin o sözlərdən
Bil ki, çox qiymətlidir
Min diləkdən, istəkdən...

Mən bilmirəm hardasan,
Harda arayım səni?!.
Buludlara möhtacam,
Anlatsalar yerini...
Əlim əlinə dəysin,
Sığallayım, oxşayım.
Tək bu ana həsrətəm,
Vüsalıma yetişim...

Yağış niyə ağlayır?
Göz yaşı da bir ümman...
Bu suala cavabı,
Ala bilsəm yağmurdan
Ay da gələrdi dilə,
Söyləyərdi gizlicə –
Ruhun şaddır, yoxsa ki,
Gəzir göydə eləcə.

Yenə öncəki təki,
Qayğın mənə aşikar;
Uzaqda olsan belə,
Ruhun olur mənə yar...
Danışa bilsəydilər,
Uca dağlar, zirvələr,
Səni çox sevdiyimi
Həmən yetirərdilər.

Aramızda ağaclar,
Dönüb körpü olsaydı,
Ayaqyalın, başaçıq
gələrdim həmən qaçıb;
Mən heç də hər hissimi
Sözə çevirəmmirəm,
Gülərdim, təbəssümüm
söyləyərdi:
– Sevirəm..!

Bir gün bir qalib gündüz,
Gecəni əsir alsa,
Günəş şəfəqləriylə,
Zülmətə işıq salsa...
Səni  bağrıma basıb,
Bərk-bərk qucaqlayaram;
Nə olsa da, gözümdən
Uzağa buraxmaram...

Tək səndin mənə doğma
Bu fani dünyamızda;
Xatirən əbədidir
Ürəyimdə, ruhumda...
Yenə də ümidliyəm
Bitməyəcək görüşə...
Mən buna inanıram
Ümman boyda sevgimlə...