Sənət 12:39 07.08.2018

Ötən həftənin bir acısı, ağrısı haqda...

Hüseynbala Səlimov

Ötən həftə görkəmli bəstəkarımız Xəyyam Mirzəzadə bizi tərk elədi. Bəzən mənə hətta təəccüb də edirlər ki, axı necə ola bilər ki, otuz ilə yaxın fəal jurnalistika ilə məşğul olasan, di gəl, ölkənin aparıcı siyasət və mədəniyyət adamları ilə sıx kontaktların olmaya. Fəqət, nə etmək olar, mən də beləyəm və bunun da bir neçə səbəbi var.

Ən birincisi budur ki, mən daha çox siyasi təhlillər yazmışam və jurnalistikadan daha çox tətbiqi politologiya ilə məşğul olmuşam. Digər bir səbəbsə bir az şəxsi xarakter daşıyır,- nə gizlədim, bir azacıq adama yovuşmazam və elə də ünsiyyətcil deyiləm.

Gözəl bəstəkarımız, artıq mərhum Xəyyam Mirzəzadə ilə də təsadüfən, ASDP-nin yubiley tədbirində tanış olmuşdum. 

Zərdüşt bəy bizi tanış etdi və Xəyyam müəllimlə beş-on dəqiqəlik ayaqüstü söhbətimiz oldu; "Azadlıq” radiosuna müsahibəsindən danışdı, tədbir "Caz klub”da keçirildiyindən bir az cazdan, müasir müsiqimizdən nələrsə dedi...

Bəstəkar kimi mən onu, əlbəttə, çoxdan tanıyırdım. Bizdə bəstəkarları adətən mahnıları ilə tanıyırlar və elə daha çox tanınan, geniş publikaya daha çox tanış olanlar da mahnı bəstəkarları olur. 

Amma Xəyyam müəllim çox az mahnı yazmışdı və ümumiyyətlə, müsahibələrindən də bəlli olurdu ki, bu janrı elə də sevmir, hətta ironiya ilə onu "nəhnü-nünü janrı” adlandırırdı.

Mən də onu ilk dəfə "Yeddi oğul istərəm” filminə yazdığı müsiqidən tanımışdım. Xüsusən də bir yer var həmin filmdə. Humay Cəlalın ölüsünü görür və yarıhavalı bir şəkildə çöllüyə doğru qaçmağa başlayır və uzaqlarda qara nöqtəyə çevrilir... 

Burada çox kiçicik bir musiqi parçası səslənir. Həmin musiqi parçasını çox sevirdim və səhv etmirəmsə, o parça sonradan Avropa oyunlarının açılışındakı musiqi tərtibatına da daxil edilmişdi.

Əlbəttə ki, Xəyyam müəllimin yaradıcılığı bununla bitmirdi, onun timsalında biz həqiqətən klassik bəstəkarlarımızdan birini itirdik, özü də böyük bəstəkarlarımızdan birini.

Bizdə "altımışıncılar” deyiləndə adətən ədibləri, ədəbiyyat adamlarını nəzərdə tuturlar. Amma bu nəslin digər nümayəndələri də, musiqiçilər, rəssamlar da heç az maraq kəsb etmir. O illərdəki mülayimləşmə dövrü bütün mədəniyyətə təsir etmişdi.

Xəyyam müəllim də həmin dövrün adamı idi. Əslində ona sovet bəstəkarı demək də olmur. Ötən il Oktyabr inqilabının 100 illiyii ərəfəsində silsilə yazılar yazdım: sovet jurnalistikası, ədəbiyyatı, kinosu və musiqisi haqqında. 

Musiqi haqda yazdığım yazı "Sovet musiqisi; musiqili işgəncələr” adlanırdı. Həmin yazıda da yazmışdım ki, əsərləri indinin özündə belə bir çoxu üçün anlaşılmaz olan Xəyyam Mirzəzadəni necə, hansı məntiq və əsasla sovet bəstəkarı adlandırmaq olar? Xəyyam müəllim əsasən kamera musiqisi yazırdı və əsərləri öz intellektual yükü ilə fərqlənirdi. 

Heç şübhəsiz, ayrı-ayrı xırda ştirixləri burada nəzərə almırıq, amma böyük hesabla demək olar ki, Xəyyam Mirzəzadə sadəcə, sovet dövründə yaşamış bəstəkar idi. Əlbəttə ki, dissident deyildi, rejimlə hər hansı bir ciddi konflikti yox idi. Amma musiqisi dövrün musiqi qəlibinə qətiyyən sığmırdı.

Belə götürəndə, Azərbaycanda sovet dövrünün musiqi nomenklaturası ilə ciddi problemlər yaşayan yalnız V.Mustafazadə olmuşdu. Amma bu, o demək deyil ki, qalan musiqiçilərin, ümumiyətlə, problemi yox idi. Bizim musiqiçilər bir yana, sovet rejimi D.Şostakoviç kimi bəstəkarı gah göylərə qaldırır, gah da həmin yüksəklikdən yerə çırpırdı...

Başqa nə demək olardı? Bizi gözəl və maraqlı bir insan, əsl klassik sayıla biləcək bəstəkar, həqiqətən dərin musiqi savadı və mədəniyyəti olan bir şəxs tərk etdi. O, sonuncu mogikanlardan biri idi. Allah rəhmət eləsin və qəbri nurla dolsun. Əlvida, MAESTRO...