Sənət 12:50 25.01.2018

"Təqaüd kartı" (HEKAYƏ)

Qaynarinfo gənc yazıçı Tərlan Şıxlının "Təqaüd kartı" hekayəsini təqdim edir:

Qapının zəngi çalınırdı. Qönçə xala son günlər yaman xəstələnmişdi. Bir neçə gün idi ki, yataqdan qalxa bilmirdi. Zavallı qadın gecələr qızdırmadan alışıb yanır, gözlərinə yuxu getmirdi. Qapını açması üçün yan otaqda yatan nəvəsi Abbası bir neçə dəfə səsləsə də, bir cavab gəlmədi. Əlacsız qalıb çarpayının tutacağından yapışıb bir təhər ayağa qalxdı. Yavaş-yavaş yeriyərək evin qapısını açdı. Gələn qonşunun gəlini Vüsalə idi.

- Sabahınız xeyir, Qönçə xala. Özünüzü necə hiss edirsiniz? 
- Vaxtın xeyir olsun, ay qızım. Çox sağol. Necə olum, bir balaca ağrıyıram yenə. Keç içəri qızım, qapıda qalma.
- Yox, xala mən 1 dəqiqəlik gəlmişdim. Gəldim sizə deyim ki, anam indicə qayıdıb şəhərdən. Deyir pensiyalar gəlib.
- Ay səni şad xəbər olasan, ay qızım. Biz də elə neçə gündür onu gözləyirdik. Bu ay yaman çox gecikdirdilər.

Qönçə xala qonşusunun gəlinini yola salıb qapını bağladı. Tələsik Abbası oyadıb, təqaüd kartını ona verdi.

- Balam, nənən sənə qurban. Deyirlər təqaüdlər gəlib. Get təqaüdü tez çıxar gətir. Bu bulkanı da götür yolda yeyərsən. Sən gələndən sonra nənən sənə qəşəng yeməklər bişirəcək.

Abbas nənəsindən kartı və kiçik bulkanı alıb tələsik evdən çıxdı.

Qönçə xala həyatın ən sərt üzlərini görmüşdü. Heç qırx yaşı tamam olmamış həyat yoldaşı Nəbi kişi infarktdan dünyasını dəyişmişdi. Böyük oğlu Saleh hələ sovet vaxtında bir rus qadınla evlənib orada qalmışdı. İldə bir dəfə gələr, bir həftə ya on gün qalıb gedərdi. Kiçik oğlu Qismət isə həyat yoldaşı Həcərlə birgə 10 il əvvəl yol qəzasında vəfat etmişdi. Xoşbəxtlikdən qəza zamanı onların tək oğlu olan 5 yaşlı Abbas nənəsinin yanında olmuşdu. Abbası nənəsi böyüdüb başa çatdırmışdı. Ona həm ata həm ana olmuşdu. Demək olar aldığı təqaüdlə, hərdən bir də böyük oğlunun Rusiyadan göndərdiyi pulla nənə-bala Buzovna qəsəbəsində yerləşən kiçik bir mənzildə yaşayırdılar. Yarımac-yarımtox özlərini dolandırırdılar. Birlikdə çox çətinliklər görmüşdülər. Amma Abbas heç vaxt yoxsul həyatlarından şikayətlənib nənəsinin üzünə ağ olmamışdı. Nəvəsini yola salar-salmaz Qönçə xala telefonun dəstəyini qaldırdı. Qonşuluqda yaşayan qəsəbə həkimi Vüqara zəng etdi. Neçə gündür pul olmadığına görə onu da çağıra bilməmişdi. Əvvəlki səfər məcburiyyətdən həkimi əliboş yola salması onun ürəyində qalmışdı. Həkimi bu dəfə də pulsuz yola salmamaq üçün günlərdir dəhşətli ağrılara dözür, təqaüdün gəlməsini gözləyirdi.
Doğrudur, bu cavan həkim də çox insan adam idi. Heç Qönçə xaladan pul da istəməmişdi. İnsanlara ürəkdən can yandırdığı üçün qəsəbədə hər kəs onun xətrini çox istəyirdi.

Saat artıq 10 tamam idi. Abbas Təbriz küçəsindəki bankomata yaxınlaşdı. Səhərin bu vaxtı olmasına baxmayaraq burada artıq böyük bir kütlə toplaşmışdı. O, sonuncunun kim olduğunu öyrənib növbəsini tutdu. Ürəyi narahat idi. Nənəsi evdə xəstə olduğundan bir an əvvəl pulu çıxarıb evə getmək istəyirdi. Amma ondan qabaq təxminən 40-a yaxın adam vardı. Odur ki, əlini üzünə qoyub gözləməyə başladı. Elə bu an təxminən 45-50 yaşlı iri gövdəli bir kişi bankomatın önünə keçməyə çalışdı. Yaşlı qadınlar ona əsəbiləşib növbəyə keçməsini istədilər. Narazı-narazı əllərini yelləyən kişi, bunlara bax də bir ayaqları gordadır. Pulu tez aldılar nə faydası almadılar nə? deyərək şaqqanaq çəkib güldü. Ətrafdakılardan heç kimin onun sözlərinə fikir vermədiyini görüb üzünü turşudub uzaqlaşdı. Çox keçmədən başqa bir kişi sıradakıları qabaqlayıb önə keçmək istədi. Sırada dayanmış cavan bir oğlan onu dayandırdı.

- A kişi özünü hara soxursan?
- Xəstəm var evdə. Tələsirəm.

- Nə? Xəstən var? Camaat bura kefindən gəlib bəyəm? Hamının xəstəsi, problemi var da. Növbəni gözlə.
 
Arabir bu cür mübahisələr yaranır. Növbədənkənar sıraya girmək istəyənlərin qarşısı alınırdı. Pulunu çıxarıb bankomatdan uzaqlaşanların simalarında isə qəribə bir məmnunluq ifadəsi duyulurdu. Ara bir az sakitləşmişdi ki, təxminən altmışa yaxın yaşı olan bir kişi əlini Abbasın çiyninə qoyaraq dilləndi:

- Cavan oğlan, yerini mənə verə bilərsənmi? Əmin çox tələsir.

Abbas acıqlı baxışlarla ona baxıb cavab verdi.

- Mən də tələsirəm əmi, evdə nənəm xəstədir.

Kişinin bir az əvvəl nur yağan üzünü zəhrimar tökülən bir sifət əvəzlədi. Sənin tərbiyənə bərəkallah! deyib geri çəkildi. Kişi, geri çəkilən kimi iki orta yaşlı qadın arxadan deyinməyə başladılar:

- A bala, sən cavansan, bu yaşlılar ayaqüstə dayana bilmirlər. Gözlə işlərini bitirsinlər. Sonra sən çıxararsan da pulunu. Ehh ehh, indiki uşaqlarda tərbiyə deyilən şey qalmayıb da!

Abbas deyilənlərə əhəmiyyət verməyib öz növbəsini gözləməyə davam edirdi. Artıq 2 saata yaxın olardı ki, gözləyirdi. İrəlidə isə hələ 7-8 nəfər adam vardı.
Təxminən 20-25 dəqiqə sonra nəhayət növbə ona da çatdı. Sevincək halda tez pulu çıxarıb bankomatdan bir qədər uzaqlaşmışdı ki, telefonuna zəng gəldi.
Danışan qonşunun gəlini Vüsalə idi. Hıçqıraraq ağlayırdı. Abbas, nənən... (evdə ağlaşma səsləri çoxalmağa başladı.) Abbas, tez evə gəl deyib telefonu qapatdı.

Hələ imkan tapıb cibinə qoya bilmədiyi pullar və təqaüd kartı Abbasın əlindən yerə düşdü. On dəqiqə keçmişdi. O başını əllərinin arasında sıxıb yerdə oturmuşdu. Pullar ətrafa səpələnib yox olmuşdu. Bir az aralıdakı səkinin yanında isə təqaüd kartı görünürdü.