İdman 23:59 18.04.2018

Tərlan Əhmədov: “Avrokuboklara vəsiqə qazanmasaq, istefa verəcəm”

Xəbər verdiyimiz kimi, Azərbaycan kubokunun yarımfinal mərhələsində "Neftçi” "Qəbələ” ilə qarşılaşıb və 1:3 hesabıyla uduzaraq finala çıxa bilməyib.

"Qafqazinfo” xəbər verir ki, oyundan sonra "Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb:

"İstədiyimiz oyunu sərgilmədik. Komanda özünə bənzəmirdi. Arxayınlığını bədəlini verdik. Səhvlərimizdən uduzduq. Kubokla artıq vidalaşdıq və fikrimizi çempionata cəmləməliyik. 3-4-cü yerlər uğrunda mübarizə aparmağa çalışacağıq. İstədiyim futbolu meydanda görmədim. Bu oyunu unutmalıyıq”.

- İstədiyiniz futbolu görməməyinizin səbəbi nə idi?

- Topla oynayan futbolçuları meydana buraxmışdım. Meydanda komanda oyunu görmədim. Cinahlar hücumlara kömək edə bilmədi. Kubokun ilk matçından sonra "Zirə”yə də qalib gəlmişdik. Ola bilər ki, arxayınlıq var idi. Hesabı açdıqdan sonra bəlkə də rahatlaşdıq. Bu da baha başa gəldi. Rəqibin hücum xətti çox güclüdür.

- Kubokda mübarizəni dayandırmaq sizi necə motivasiya edəcək?

- İstəyirəm ki, komanda yaxşı olsun. Münəccim deyiləm. Məğlub olmuşuqsa, unutmalıyıq. Səhvlərimizi analiz etməliyik. Çempionata köklənməliyik. Qışdan əvvəl komandada ruh düşkünlüyü var idi. Ancaq bunu aradan qaldırmışdıq. Komanda özünü motivasiya edə biləcək. Futbolçular bu vəziyyətdən çıxa bilərlər.

- Ruslan Abışov penaltiyə səbəb oldu. Onu nə üçün əvəzləmədiz?

- Elə futbolçuları həmin anda əvəzləmək düzgün deyil. Səhvsiz insan yoxdur. Yığma üzvüdür. Səhv edibsə, dəstək olmaq lazımdır. Bir oyunla hər şey bitmir. Qarşıda 5 oyun var. Onu uzun futbol həyatı gözləyir. Belə anda ona davam etməyi lazım bildim.

- Əgər çempionatda da avrokuboklara vəsiqə qazanmasanız, istefa verəcəksiz?

- Bəli, istefa verəcəm.