Siyasət 11:11 06.04.2013

“The New York Times” Ramiz Mehdiyevdən yazdı

Amerikanın dünyaca nüfuzlu “The New York Times” qəzeti avtoritar ölkələrdə hakimiyyətlərin medianı nəzarətdə saxlaması, QHT-lərə təzyiqləri kontekstində Azərbaycanda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin eyni istiqamətdə irticaçı fəaliyyətindən yazıb.

Kristofer Volker və Robert Orttunqun qələmə aldığı “Avtoritarlardan xəbərlər” sərlövhəli məqalədə Azərbaycan və Rusiyada bənzər situasiyalar müqayisə olunur. “Human Rights Watch”, “Amnesty International” kimi beynəlxalq hüquq-müdafiə təşkilatlarının Moskvadakı ofislərində vergi və hüquq-mühafizə orqanı əməkdaşlarının keçirdikləri reydləri xatırladan müəlliflər qeyd edir ki, Vladimir Putin baş verənləri adi hüquqi prosedur kimi qələmə verməyə çalışsa da, həqiqət başqa idi. Rusiya hakimiyyətinin məqsədi əslində, tənqidçi mövqedə qeyri-hökumət təşkilatlarını bu üsullarla susdurmaqdır.

Bu prosesdə Putin hökuməti hüquq-mühafizə orqanlarından və nəzarətində olan media orqanlarından açıq-aşkar qarayaxma və qorxutma vasitələri kimi istifadə edir", - deyə məqalədə bildirilir.

Müəlliflər qeyd edir ki, bir sıra başqa keçmiş sovet ölkələrində də eyni üsullardan istifadə olunur. Konkret olaraq, Azərbaycanı misal çəkirlər.

“Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətini və ayrı-ayrı fəalları susdurmaq üçün əlində olan bütün vasitələri işə salaraq, zorakı üsullardan, qarayaxma kampaniyasından istifadə edir. Prezident Ilham Əliyevin administrasiyasının ölkədəki proseslərə ciddi təsiri olan rəhbəri Ramiz Mehdiyev bu yaxınlarda yerli mediaya müsahibəsində iddia edib ki, ”saxta qeyri-hökumət təşkilatları" (oxu: Qərbin dəstəklədiyi, müstəqil təşkilatlar) ölkənin milli təhlükəsizliyi üçün ciddi təhdiddir. Azərbaycanın daxili işlərinə müdaxilənin qarşısını almaq üçün bu təşkilatlar bağlanmalıdır. Belarus, Qazaxıstan və Özbəkistan hökumətləri də eyni sxem üzrə hərəkət ediblər", - “The New York Times” yazır. /Azadliq.info/