Ölkə 17:10 26.09.2018

Tıxac və basabasın insan orqanizminə faydaları (REPLİKA)

Günümüz qaçaqaç, qovhaqovla keçir. Bəzən heç 10 dəqiqə istirahət etməyə də vaxt tapa bilmirik. Onda köməyimizə tıxaclar çatır. Bu baxımdan düşünürəm ki, Bakımızın tıxaclarına pozitiv yanaşmalıyıq.
 
Qaynarinfo tıxaclarla bağlı araşdırmanı sizlərə təqdim edir:

Tıxaclar bizi marifləndirir


Səhər erkəndən universitetə gedən, eləcə də axşamüstü qayıdan tələbələr tıxacda bolluca kitab oxuya və dünyagörüşlərini artıra bilərlər. Olmasın çayxana, olmasın tüstü-duman, olmasın nərd, domino və digər stolüstü oyunlar, playstation klubları. Təki tıxac olsun. Bunun nəyi pisdi ki?!

Tıxaqlar həm də yeni iş imkanları deməkdir


İşə gecikənlərlə işsizlərin statistikasını qarşı-qarşıya qoysaq tıxaclar hər iki qrup üçün faydalıdır. Məsələn, işə tıxaclar səbəbindən daim gecikən işçiləri, növbəti gün və həftələrdə yeni işçilər əvəzləyə bilər. Bu baxımdan köhnə işçilər bir az istirahət etmiş, işsizlər isə karyeralarına başlamaq imkanı əldə etmiş olarlar. Əziz iş sahibləri, axı nə qədər çalışmaq olar?! İnsan ömrü nə qədərdi ki?! Aşağı-yuxarı, təxminən 60 ya 70 il ola-olmaya...

Tıxaclar imtahandır


Tıxac həm də insanlar üçün bir həyat dərsidir. Məsələn, tıxaclar sürücülərimizi səbr etməyə, avtomobili daha asta sürətlə idarə etməyə sövq edir. Bu şəkildə həm piyada ölümləri ilə nəticələnən qəzaların sayı azalmış olur, həm də sürücülər səbr etməyi öyrənmiş olurlar

Daha dərindən düşünsək, Tanrı da bəndələrinin imanını möhkəmləndirmək üçün onları sınağa çəkir.

Digər tərəfdən də, əziz sürücülər, sürət həddi 80 km/saat olan yolda 110-120 km/saat sürətlə hərəkət edə bilirsinizsə, deməli həmin yolda avtomobili 20-10 km/saat sürətlə də sürmək mümkündür. Sadəcə buna öyrəşmək lazımdı.

Tıxaclar bizi mehribanlaşdırır

 
Tıxaclar bizi bir-birimizə yaxınlaşdıran dəyərlər sisteminin ən önəmli halqasıdır. Bunun qədrini bilək. Təsadüfi deyil ki, metroda, avtobusda bu ifadələri tez-tez eşidirik: "Mehribanlaşın", "Bir az mehriban olun", "Mehriban olaq" və s. Mehribanlıqdan indiyə qədər heç kimə zərər gəlməyib, əzizlərim. 

Tıxacın insan orqanizminə faydaları

Əslində bu haqda çox da geniş araşdırma apara bilməmişəm. Ona görə buradakı 2 abzaslıq yeri oxucuların və bu sahənin mütəxəssislərinin öhdəsinə buraxıram. Tıxacın sağlamlığa xeyri ilə bağlı məlumatlarınızı burada yerləşdirə bilərsiniz:
 
Çingiz Səfərli