İdman 13:53 20.06.2019

"Top-klublarda, millidə oyna... Və səni unutsunlar" (MÜSAHİBƏ)

2007-ci ildə Rusiyadan Azərbaycana gələn Əziz Quliyev 2016-cı ilə kimi ölkənin bir sıra klublarında çıxış edib. Hətta bir dönəm U-21 və əsas millimizdə də oynamaq şansı qazanmışdı. "Karvan", "Bakı", "İnter", "Rəvan", "Neftçi" kimi klubların şərəfini qoruyan futbolçudan illərdi xəbər yoxdu. 

Lakin 32 yaşlı yarımmüdafiəçi nəhayət sükutu pozdu. Əziz Azərbaycanda keçən illərinindən, getmək səbəbindən  və bir sıra məqamlardan Sport7.az-a danışdı. 

- Əziz, işlərin necə gedir?  Çoxdandı səndən xəbər yoxdu...
- Şükürlər olsun yaxşıyam. Hazırda Rusiyada ailəm ilə birgə istirahətdəyəm. Bu yaxınlarda Bakıya gəlmişdim. 

 

- Karyeranı bitirmisən, ya hələ də davam? 
- Yox, hələ də oynayıram. Elə Rusiyada. Karyeramı bitirmək fikrim yoxdu hələ. 

- Ölkə klublarından təklif varmı? Yoxsa elə Rusiyada çıxış edəcəksən?
- Sinqapurdan dəvət almışdım. Amma imtina etdim. Rusiyada qalacam. 

- 2007-ci ildə "Karvan"a böyük ümidlərlə gətirmişdilər səni. Ümidləri də doğrultmuşdun. Daha sonra "Bakı", "İnter", "Rəvan" və "Neftçi" kimi klublarda çıxış etdin. Niyə getdin burdan? Klublar dəyər vermədi sənə, yoxsa özün qalmaq istəmədin?
- Mən özüm belə qərar verdim. Ailəmə görə Rusiyaya köçdüm və karyerama burada davam etmək istədim. 
 


- Gəl, biraz keçmişdən danışaq. Azərbaycanda oynadığın illəri necə xatırlayırsan?
- Çox gözəl vaxtlar idi. Bütün şəhərləri görə bildim, yeni tanışlar qazandım. Hər şey mənim üçün çox idi. Ən gözəl vaxtlarım Yevlaxda keçmişdi. Amma "Bakı" ilə kuboku qazanmağımızı da yada salıram həmişə. Belə epizodlar çoxdu. İndi hamısını desəm, sabaha qədər vaxt lazım olacaq. (gülür)...

- Bəs indi Azərbaycan futbolu ilə maraqlanırsan? Çempionatda çıxış edən komandalardan xəbərin varmı? 
- Əlbəttə, maraqlanıram. Uşaqlarla da danışıram. Onlar mənə xəbər verirlər. Məncə, keçmişdə çempionat daha maraqlı idi.
 


- Səncə, hazırda ölkə futbolunun çatışmazlığı, problemi nədədir?
- Məncə, uşaq futboluna daha çox diqqət yetirmək lazımdı. Və bizim futbolçularımız başqa ölkələrdə oynamağı daha çox istəməlidirlər. Amma təəssüf ki, heç kim Bakıdan başqa şəhərə getmək istəmir. 

- Səncə, bunun səbəbi nədir? Həmkarlarını daha yaxşı anlayırsan: pul, ya başqa səbəbdən? 
- Pul da rol oynayır. Amma çoxu evdən çıxmaq istəmir.  "Nə var e orda, oturmuşam da gül kimi evdə, pulumu da alıram" fikri... 
 


- Bunun nəticəsidir ki, millimiz bu səviyyədədir?
- Məncə, baş məşqçinin öz işini bizə göstərə bilməsi üçün zaman lazımdı. Hələ ki, ondan nəsə tələb etmək üçün tezdi. Futbolçulara isə biraz səbr və dözümlülük göstərmək lazımdır. 

- Əziz, bir müddət sən də millinin üzvü idin...
- Bəli, əsas milli və U-21-lərin şərəfini qorumuşdum. Amma zədələr imkan vermədi millidə özümü göstərməyə. Axırıncı dəfə zədəyə görə Dubaydakı təlim-məşq toplanışından Türkiyəyə yollandım. Elə millinin məşqində zədələnmişdin. 
 


- Bəs zədən sağaldıqdan sonra dəvət almadın?
- Berti Foqtsun vaxtları idi. Sonradan yığmaya sadəcə bir dəfə dəvət aldım. 

- Artıq milli futbolçu kimi heç yada salmırlar səni?
- Heç... Top-klublarda oyna, millidə oyna və sonradan səni unutsunlar. Təəssüf... Fotolarımı görəndə soruşurlar ki, "Neftçi"də oynamısan? 2 mövsüm orada oynamışam. Soruşsan indi guya kiminsə yadında qalıbmı?!
 


- Buna görə kimdən inciyirsən, mətbuatdan, klublardan, ya özün ölkədən gedərək özünü unutdurdun?
- Gördüm ki, futbolçulara hörmət qoymurlar və qərar verib getdim. 

- Getdiyin üçün peşman olmusan, yoxsa elə düz elədiyini düşünürsən?
- Məncə, düzgün qərar verdim. Çünki mən "Neftçi"dən gedəndə 29 yaşım var idi. Mənə deyirlər qocasan və bir neçə gündən sonra 34 yaşlı futbolçu alırlar. 

- Bəs indi neçə yaşın var? Karyeranı nə vaxt bitirməyi düşünürsən?
- İndi 32 yaşım var və yüksək formadayam. Hələ gücüm var. Oynayacam. (gülür)...