İdman 18:08 13.08.2013

Toğrul Əsgərov: "Nə ferma var, nə 1 milyon, nə də uzaqlaşma"

XXX Yay Olimpiya Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandırmış güləşçi Toğrul Əsgərov özü üçün fermer təsərrüfatı yaradıb.

Apasport.az saytının verdiyi xəbərinə görə, bu barədə Əsgərovun qohumları məlumat verib.

Onlar bildiriblər ki, əlində 1 milyon manatdan artıq pulu olan Toğrul Əsgərov bu vəsaiti sərmayəyə çevirib.

Olimpiya çempionumuz yaşadığı Gəncə yaxınlığındakı Samux rayonu ərazisindən ferma və torpaq sahəsi alıb və orada 1000 baş qoyun da saxlamaq qərarına gəlib. O, həmçinin əkin-biçin üçün texnika da alıb. 

Yaxınları Əsgərovun idmanı davam etdirib-etdirməyəcəyi barədə isə qəti söz deməyiblər (moderator.az).

Qeyd edək ki, indiyədək olimpiya çempionu olan idmançılarımız sonradan idmanı atıblar. Buna səbəb kifayət qədər varlanmaları və həyatlarını eyş-işarətə həsr etmələri olub. Hətta YAP-çı deputat Siyavuş Novruzov Milli Məclisdəki çıxışlarında onları tənqid edib. Deputat bildirib ki, növbəti yarışlarda uduzan olimpiya çempionları idman eləmək əvəzinə başqa həyat tərzi seçirlər. 

Toğrul Əsgərovun da başını fermer təsərrüfatına qatması onun idmandan vaz keçdiyini göstərir.

Əsgərovun özü isə “publika.az”a açıqlamasında məlumatın dəqiq olmadığını və idmandan ayrılmadığını dilə gətirib: “Bunlar boş-boş söhbətlərdir. Nə ferma var, nə 1 milyon, nə də ki uzaqlaşma. Mən hazırda Türkiyədə mədəmdən müalicə olunuram. Mədəmdə problem var. Bu da elə belə problem deyil. Buna görə də hələ ağır məşqlər edə bilmirəm. Amma artıq sağalıram, inşallah gələn ildən yığma komandanın tərkibində olacağam”. 

Qaynar.info