Ölkə 13:38 24.02.2018

Ramiz Mirzəyevin cəsədi tapılan bacısı və yeznəsi qətlə yetirilib (YENİLƏNİB)

Tovuz şəhərində yanğın baş vermiş evdə meyitləri tapılan ər arvadın qətlə yetirildiyi bildirilir.

APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, meyiti aşkarlanan 1950-ci il təvəllüdlü Pakizə Mirzəyevanın əl-ayağı və ağzı lentlə bağlı imiş. Bundan başqa, P. Mirzəyeva və onun həyat yoldaşı, 1945-ci il təvəllüdlü Fərman Məmmədovun cəsədləri ayrı-ayrı otaqlarda tapılıb. Kişinin baş, qadının isə bədən nahiyələrində yanıq xəsarətləri olub.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar. P. Mirzəyeva AFFA-nın keçmiş prezidenti, mərhum Ramiz Mirzəyevin bacısıdır və o, Tovuz rayon Poliklinikasında həkim işləyirdi.

*** 
11.31
 
Tovuz rayonunda baş verən yanğında ölən ər-arvad Pakizə Mirzəyeva və Fərman Məmmədov AFFA-nın keçmiş prezidenti Ramiz Mirzəyevin bacısı və yeznəsidir.

Axar.az-ın bölgə müxbirinin məlumatına görə, yanğın o qədər də geniş olmayıb və evə ciddi zərər dəyməyib. Buna baxmayaraq, ər-arvad dünyasını dəyişib.

Qeyd edək ki, R.Mirzəyevin oğlu 33 yaşlı Anar Mirzəyev 9 gün öncə - 15 fevralda Sabirabadın Həşimxanlı kəndində baş verən qəzada dünyasını dəyişmişdi.

Keçən il Hacıqabulda "Toyota Land Kruzer"in ağır qəzaya düşməsi nəticəsində Ramiz Mirzəyevin qardaşı oğlu Orxan Mirzəyev vəfat edib.

Ramiz Mirzəyev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azərneftyağ" istehsalat birliyinin baş direktoru, "Azərneftyağ" neft emalı zavodunun direktoru, sənaye və energetika nazirinin müavini vəzifəsində çalışıb. O, 2003-cü ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilib. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, YAP-ın Xətai rayon təşkilatının sədri idi.

***
11.05

Tovuz rayonunda baş verən yanğında iki nəfər ölüb. 

Qaynarinfo "Report”a itinadən xəbər verur ki, hadisə rayonun mərkəzində yerləşən Mərdan Musayev küçəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Hadisə nəticəsində dünyasını dəyişənlər 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmsəd qızı və onun həyat yoldaşı Fərman Məmmədovdur.

Yanğın nəticəsində onların övladları da xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.