Ölkə 10:52 11.06.2013

TQDK 12 dərsliyi yararsız hesab etdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqinin nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə əsasən, I-IV siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 77 dərslik, 91 ədəd müəllim üçün metodik vəsait, 58 iş dəftəri müzakirə edilib, bunlardan 12 dərslik komplektinin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilməyib. V siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 25 dərslik və 27 ədəd müəllim üçün metodik vəsait müzakirə edilib. Bunlardan 6 dərslik komplektinin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab olunmayıb. Beləliklə, görülmüş işlərin nəticəsində hazırlanmış yekun rəylər (I-V siniflər üzrə) müəlliflərə və Təhsil Nazirliyinə göndərilməklə bərabər, www.tqdk.gov.az saytında da yerləşdirilib.  

Hazırda VII siniflər  üzrə bütün dərsliklərin, VIII siniflər üzrə “Azərbaycan dili” (variativ dərsliklər), “Ədəbiyyat”, “Rus dili” (ana dili kimi), “Ədəbiyyat” (təlim rus dilində olan məktəblər üçün), “Rus dili” (xarici dil  kimi),  “Cəbr”, “Həndəsə”, “Fizika”, “Kimya”, “Azərbaycan Respublikasının fiziki coğrafiyası”,  “Zoologiya” , “İngilis dili”, “Fransız dili”, “İnformatika”, “Musiqi”, “Rəsmxət”, IX siniflər üzrə  “Rus dili” (ana dili kimi), “Ədəbiyyat” (təlim rus dilində olan məktəblər üçün), “Rus dili”(xarici dil  kimi),   “Cəbr”,  “Biologiya (İnsan)”, “Kimya”, “Fizika”, “Musiqi”, “Rəsmxət”,  X siniflər üzrə “Rus dili”(xarici dil  kimi),  “Fizika”, “Kimya”,” Ümumi biologiya” (variativ dərsliklər)  dərsliklərinin elmi-metodiki monitorinqi başa çatmış və yuxarıda göstərilən  prosedur qaydalara uyğun olaraq yekun rəylər üzərində  iş aparılır. Yekun rəylər  yaxın vaxtlarda Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcək.

Qeyd edək ki, prezidentin fərmanına əsasən ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına həvalə olunub. Fərmanın icrası olaraq, TQDK tərəfindən yeni təhsil proqramları üzrə (kurikulum) fənn standartları əsasında hazırlanmış I-V sinif, həmçinin hələlik qüvvədə olan tədris proqramları əsasında hazırlanıb və istifadədə olan VII-X sinif  dərsliklərinin elmi-metodiki monitorinqi aparılıb. Dərslik müəllifi olmayan mütəxəssislərin sırasından ekspertlərin hazırlanması və pedaqoji ictimaiyyətin nümayəndələrindən dərsliklərə dair informasiyanın toplanması aparılıb. Komissiyada [email protected] elektron ünvanı yaradılıb və pedaqoji ictimaiyyətə müraciət olunaraq onların qeyd, irad və təkliflərinin bu ünvana göndərilməsi xahiş olunub. Hazırda bu ünvana I-XI sinif dərslikləri barədə 10 minə yaxın (9802) qeyd və təklif daxil olub. Bundan əlavə, monitorinqlər çərçivəsində dərslik müəllifi olmayan ekspertlər tərəfindən dərsliklərin ilkin ekspertizasının keçirilməsi, II və III mərhələlərin nəticələrinin (ictimaiyyətin və ekspertlərin rəylərinin) müqayisəsi, müqayisəli təhlilin nəticələrinin ümumi açıq müzakirəyə çıxarılması aparılıb, ümumi müzakirələr zamanı səslənən fikirlər, irad və təkliflər nəzərə alınmaqla tərtib olunmuş rəylər dərslik müəlliflərinə təqdim olunub, cavab olaraq müəlliflər hansı iradları qəbul etdiklərini, hansıları qəbul etmədiklərini bildiriblər. Həmçinin dərslik müəlliflərinin cavablarının müstəqil ekspertlər tərəfindən təhlili aparılıb.

Qaynar.info