ABŞ-da büdcə böhranı səbəbindən hökumət artıq 21 gündür ki, bağlıdır.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, federal qurumların dörddə biri xidmət göstərmir. Bu səbəbdən həmin qurumların işçiləri 3 həftədir ki, ya məcburi məzuniyyətdədirlər, ya da maaş almadan çalışırlar.

ABŞ prezidenti Donald Tramp bir müddət öncə verdiyi açıqlamasında konqresin Meksika ilə sərhəddə divar hörülməsi üçün lazımi büdcəni ayırmayacağı təqdirdə, ölkədə fövqəladə vəziyyət elan edəcəyini bildirmişdi.

Yeni açıqlamasında isə o, hələlik bunu etməyəcəyini və konkresin bu məsələdə hərəkətə keçməsini gözlədiyini deyib.

Federal hökumətin bağlanmasına görə demokratları ittiham edən Tramp sözügedən layihə üçün maliyyə ayrılmasa, hökumətin aylarla, hətta illərlə bağlı qala biləcəyini bir daha vurğulayıb.

Konqres isə Meksika ilə sərhəddə divar inşa edilməsi üçün tələb olunan büdcənin (5,7 milyard dollar) çox olduğunu irəli sürür.

Qeyd edək ki, hökumətin bağlanması hadisəsi ABŞ-da bundan öncə də yaşanmış, 1997-ci ildən bəri 21 dəfə müxtəlif zaman aralığında hökumət fəaliyyətini dayandırmışdı. Hazırkı vəziyyət isə bir gün də davam etsə, Tram hökumətin fəaliyyətsizliyinə görə rekorda imza atmış olacaq.