ABŞ prezidenti Donald Tramp dünən gecə saatlarında Qüdsü İsrailin paytaxtı kimi tanıdığını açıqladı. Mübahisəli Qüds qərarından sonra Fələstinin Qərbi Şəriə bölgəsində 3 günlük "Milli qəzəb" günü elan edildi.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Qərbi Şəriədə etiraz aksiyalarının 3 gün davam edəcəyi gözlənilir.

Məsələ ilə bağlı açıqlama verən Həmas Siyasi Büro rəhbəri İsmail Haniyə Fələstin lideri Mahmud Abbasla razılığa gəldiklərini və qərara qarşı sona qədər mübarizə aparacaqlarını bildirib. O, "Qərar, bölgədə dəhşətli dəyişikliklərin başlanğıcı olacaq. Bu addım, Fələstin xalqına, müqəddəs dəyərlərə və İslam dünyasına hücum məzmunu daşıyır. Qərar, coğrafi və tarixi həqiqətləri dəyişməyəcək. Qüds Fələstin-Müsəlman-Ərəb torpağı olaraq qalacaq. Torpaqlarımızda İsrail dövləti yoxdur, paytaxtı da olsun" deyib.

Qeyd edək ki, 1967-ci ildən bəri İsrailin tərkibində olan Şərqi Qüds 1980-ci ildə İsrailin paytaxtı elan edilmiş, lakin bu günə qədər heç bir ölkə bu qərarı tanımamışdı. Donald Tramp hələ prezident seçkiləri dövründə bu barədə vəd vermişdi.

Gülşən