Dünya 12:58 14.12.2019

Trampın vəkili Kiyevdən əlidolu qayıtdı: “Hamısını ifşa edəcəyəm!”

ABŞ Prezidenti Donald Trampın vəkili Rudolf Ciliani Ukraynaya səfəri zamanı təsəvvür etdiyindən daha çox məlumat əldə etdiyini deyərək 20 səhifəlik hesabat hazırlayacağını vəd edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” 13 dekabr tarixli sayında məlumat verib.
Səfər zamanı Culiani 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Trampın əsas rəqibi Co Baydenin oğlunun da bir qədər əvvəl əməkdaşı olduğu "Burisma” şirkəti haqqında məlumat toplayıb.

Giuliani dekabrın 4-də Kiyevdə olub. O, iki gün sonra, dekabrın 6-da, deyib ki, səfər nəticəsində ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Baydenin Ukraynadakı korrupsiyada iştirakını isbatlayan sənədlər əldə edib və onları dərc etmək niyyətindədir.

Vəkil onu da əlavə edib ki, amerikalılar tezliklə Bayden və keçmiş ABŞ prezidenti Barak Obamanın administrasiyasındakı digər vəzifəli şəxslərin 2014-cü ildən 2016-cı ilə qədər Ukraynada korrupsiyanın artmasına kömək etdiklərini biləcəklər. Culiani keçmiş vitse-prezidentin ölkədə cinayətkarlıqla əlaqəli olduğuna da əminliyini ifadə edib.

Xatırladaq ki, bir neçə ay əvvəl ABŞ-da Trampa qarşı impiçment tətbiq etmək üçün istintaq başladılıb. "Demokratlar” prezidenti Baydenlə bağlı Ukraynaya təzyiq göstərməkdə ittiham edirlər.

Demokratların iddiasına görə, Tramp iyul ayında ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı zamanı onu Kiyevə hərbi yardımı dondurmaqla hədələyərək Bayden və oğlu Xanterə qarşı istintaq başlatmağı təklif edib.

Trump özü impiçmenti ilə bağlı dinləmələri dəfələrlə tənqid edərək onları axmaq adlandırıb və bu prosesi dələduzluqla müqayisə edib.a