Ölkə 12:06 19.04.2014

Tualet və vətən torpağı

Günel Mövlud

Bu günlərdə belə bir xəbər oxudum. Bakı Metropolitenində ictimai tualetlərə qadağa qoyulub. Yəni metro istifadəçiləri bundan sonra sözügedən məkanda tualetdən istifadə edə bilməyəcəklər.

Belə baxanda, xəbər həm gülməli, həm ağlamalıdır. Gülməlidir, ona görə ki, gülməlidir. Ağlamalıdır, ona görə ki…

Gəlin, açıq danışaq. Metroda qadağa oldu ya olmadı, bizim xalqın ictimai tualet mədəniyyəti yoxdur. Nəinki, ictimai, ümumiyyətlə, tualet mədəniyyəti yoxdur. İş yerlərində, ofislərdə, redaksiyalarda, kafe-restoranlarda o tualet ola bilməz ki, ora girib-çıxdıqdan sonra özünüzdən əvvəki tualet istifadəçisini ürəyinizdə yağlı bir söyüşə qonaq etmək ehtiyacı duymayasınız. Şəhərin mərkəzində, allah qoymasa, guya mədəni, «ağ» insanların, «cəmiyyətin qaymaqları»nın yaşadıqları yerlərdə belə, bütün ictimai tualetlərdə vəziyyət acınacaqlıdır. Ən elitar, ən bahalı kafenin də tualetinə girəndə orada nəsə xoşagəlməz bir halla, bir antisanitariya nümunəsi ilə qarşılaşmalı olursan. Az qala bütün kabinələrdə «suyu mütləq buraxın», «tualet kağızını unitaza atmayın» kimi xəbərdarlıqlar var. Bir o qalıb, yazsınlar ki: «İşinizi gördükdən sonra şalvarınızı yuxarı çəkib, kəmərinizi bağlamağı unutmayın…»

Xalqın ziyalıları bir ucdan özlərini öldürür ki, xalq kitab oxumur, ictimai şüurdan kasaddı, cahildi…Sonra da baxıb, görürsən ki, kitab-qəzet, maariflənmə nədi, xalqa hələ tualetdə normal oturub-durmağı, özündən sonra tualetə girəcək adamı nəzərə almağı öyrədə bilməyiblər. Qaldı, kitab-qəzet oxumaq ola. Bir sözlə, beş-altı nəfər fədakar insan tualetə gedə bilməyən xalqa kitab oxutmaq istəyir…

Tualet qadağası yadıma bir hadisəni saldı. Bu hadisəni hələ tələbə olanda, Mədəniyyət və İncəsənət Universitetində dərs deyən Aydın Dadaşovdan eşitmişəm. Aydın müəllim barədə bir-iki kəlmə yazmağı özümə borc bilirəm. Oxuduğum Universitetdə Aydın müəllim tək-tük pedaqoqlardan idi ki, tələbə ilə danışanda özünü balaca allah, balaca diktator kimi aparmırdı. Hörmət və subardinasiyanı saxlamaq şərti ilə o öz tələbələri ilə bərabərhüquqlu şəxs, dost, vətəndaş kimi davranmağı bacaran pedaqoqdu. «Milli-mənəvi dəyərlər», «mentalitet», «ağsaqqal-ağbirçək» kimi bir çox avara-avara söhbətlərə münasibətimdə radikal dəyişiklik etməyimdə Aydın Dadaşovun orijinal, azad, zarafatyana danışdıqlarının, özünəməxsus sərt ironiyasının böyük rolu olub. O bizim stereotiplərimizi amansızca qırır, bizə müqəddəs şeylər kimi tanıdılan, təlqin edilən şeyləri məhv edir, əsl insanın, əsl sənətin, əsl dühanın harda, nədə, necə olması barədə bariz misallar gətirirdi.

İncəsənət Universiteti elə bir yer idi ki, Pazolininin «Salo» filmini kinoşünaslıq oxuyan tələbələrinə göstərdiyiniə görə Ayaz Salayevdən dekanlığa şikayət etmişdilər. Guya o tələbələrinə porno göstərir. Təsəvvür edin, belə bir mühitdə, belə bir yerdə, belə görməmişlərin arasında Aydın Dadaşov istədiyi mövzuda, istədiyi kimi açıq danışır, hələ çiy tələbələri şoka salır, bir az görüb-götürmüşləri isə azadlığa, komplekssizliyə dəvət edirdi. «Sənət etik deyil, estetik baryerlərdən ibarətdir» ifadəsi isə onun sevə-sevə təkrar elədiyi cümlələrdən biri idi…

Qayıdaq Aydın müəllimin bizə danışdığı hadisəyə. Sovetlər dağılıb, İran və Türkiyə ilə ara açılan kimi bir çoxları illərdir, həsrətini çəkdikləri qardaşlarını görmək həvəsinə düşür, İrana və Türkiyəyə səfər edirmişlər. Xüsusilə İrana, Təbrizə çox adam can atırmış. Sovet dövründə guya dissident olan, türk qardaşlarının, o taylı-bu taylı Azərbaycanın həsrətini çəkən, dillərindən «Ana Təbriz» sözü düşməyən bəzi ziyalıların da boynuna borc düşür. İllərdir Təbrizdən, Araz çayından, o taylı-bu taylı vətəndən şeir yazıb, Təbriz dərdinin üzərində «vətənpərvər şair» karyerası quran şairlər, yazıçılar fikirləşirlər ki, yaxşı deyil. O qədər şeir, hekayə yazmışıq, həsrətdən-zaddan palaz-palaz yazılar döşəmişik. Bizi o taydakı qardaşlarımıza, Təbriz torpağına həsrət qoyan ruslara nə qədər nifrin axıtmışıq. İndi yaxşı deyil, ara açılıb, gərək gedək, Təbrizi görək.

Aralarında bir şair də olur. Hazırda sağdır, amma səhhəti pis olduğundan adını çəkmirəm, ayıbdır. Onsuz da bütün xalq onu tanıyır. Ən vətənpərvər şeirləri, həsrətlə, Təbrizlə, Araz çayı ilə bağlı ən pafoslu şeyləri o yazıb. Xalq onu super vətənpərvər, super türkçü kimi tanıyır. Dilindən Təbriz düşmür. Şeirlərinin əsas xətti, qayəsi, motivi «o taylı-bu taylı vətən»dir.

Uzun sözün qısası, vətənpərvər, Təbriz həsrətli şair, Aydın Dadaşov, bir nəfər vətənpərvər yazıçı yığışıb, bir maşın tuturlar. Maşını sürürlər İrana.

Yolda gah yatır, gah düşüb uyğun kafelərdə yeyib-içir, gah da həvəslə getdikləri Təbriz barədə həyacanla danışırlar. Sonra çatırlar Təbrizə. Şəhəri gəzib, insanlarla tanış olurlar. Azərbaycanlı qardaşları ilə görüşürlər. Ağlaşma, kədər, öpüşüb-qucaqlaşmaq, vətən həsrəti barədə söhbətlər…

Nəsə, səfər yekunlaşır. Maşina minib, geri qayıdırlar. Təbrizdən çıxhaçıxda vətənpərvər, Təbriz həsrətli şairin qarın ağrısı tutur. Sürücüyə deyir ki, tualet görən kimi saxlasın. Amma xeyli yol getsələr də, yollarının üstündə tualet görmürlər. Vətənpərvər şair nə qədər özünü saxlamağa çalışsa da, axırda dayana bilmir və maşını saxladır. Tez maşından düşür və özünü verir kolluğa. Özünü boşaldıb rahatlayır və qayıdıb, maşına minir. Uzun sürən qarınağrısı əzabından sonra rahatlayan vətənpərvər şairi yuxu tutur. Xeyli yatır. Sonra oyanıb, qəfildən sürücüyə deyir ki, maşını saxlasın. Sürücü saxlayır. Vətənpərvər, Təbriz həsrətli şair maşından düşüb, dəsmalının arasına bir az torpaq yığır. Sonra qayıdıb, minir maşına. Maşındakılar soruşurlar ki, bəs bu nədi?

Vətənpərvər şair deyir ki, bəs, yadigar olaraq bir az Təbriz torpağı götürdüm. Baxma, neçə il həsrətini çəkmişəm.

Aydın Dadaşov gülə-gülə deyir:

- Qardaş, bura Sərab şəhəridi. Təbriz torpağı isə sən bayaq sı…dığın idi!

Hadisədən çıxan mənəvi-əxlaqi nəticə: ölkədə tualetlərin sayını bol eləmək lazımdı ki, insanlar vətən torpağını batırmasınlar…

P.S.Yazıdakı fikirlər müəllifin şəxsi fikirləridir və sadəcə müəllif məsuliyyət daşıyır.///meydan.tv