Lalə Niftaliyeva
 
Mədəni insan, mədəni hadisə, mədəni davranış, mədəni, mədəni, mədəni... və "mədəniyyət evi". Necəsiniz dostlar? Müşahidələrimə əsasən yaxşı deyilsiniz. Elə o gün səni gördüm, metronun çıxışında, əllərin cibində dayanmışdın. Gözün heç kimi görmürdü. Fikrin tapmalı olduğun 50 manatın yanında idi. Bilirəm, dostum, onlara görə 50 manatın bir dəyəri yoxdur. Sənin üçün isə ödəməli olduğun borcdan tut, siqaret ilə yol pulun da bu 50 manat olacaq. Yəqin elə buna görə sənə qəfil toxunub, ayağını əzən o uşağın üstünə qışqırdın.
 
Harda qalmışdım? "Mədəniyyət evi"ndə. Hə, biz tərəflərdə "ev" sözünü "saray"la əvəz edənlər də var. Yəqin məktəb vaxtı dərsin ortasında durub: "Müəllim, çölə olar? Mədəniyyət evinə gedəcəm", yəni, tualetə demişliyiniz var. Bizim kimi özünü ifşa edən ikinci cəmiyyət tanımıram. Öz mədəniyyətinin tualet olduğuna hələ çox illər bundan qabaq qərar verib mənim cəmiyyətim. Çünki bilirdi, zaman-zaman iylənəcək, ürək bulandırcaq. Burda da bir paradoks yaranır. Cəmiyyət bilir, adlandırır, amma qanmır. 

Axşam "Gün keçdi" filmini izləyirdim. Sadəliyin içində parlaqlıq və kübarlıq var idi. Məqsədim SSRİ-ni tərifləmək-falan deyil. Yox, əzizim, mən özümü "izm", "ist", "çi" və bu kimi sonluğu olan qəliblərdən uzaq tuturam. Çünki sərhədi olan hər şey insanı azadlıqdan məhrum edir. Biz yazıq bəndələri Xuda "azadlıq eşqi" ilə mükafatlandırıb ancaq. Məsələ təbii ki, mənəvi azadlıqdan gedir. Yollar sərhədsiz olmalıdır. Biz aşiq olanda belə qarşımızdakı insandan çox onun bizə bəxş etdiyi azadlıq eşqinə aşiq oluruq. 

Onu deyirdim axı... Azərbaycan filmləri içərisində Bakını bu cür gözəl yalnız İçəri şəhərdə doğulan, Bakını sevən və müşahidə edən Arif Babayev təqdim edə bilərdi. İnsan kimi cəmiyyətlərin də bir yüksəliş dövrü olur. Biz bu dövrü ötən əsrdə bir müddət yaşamışıq. Filmi izləyənlərin yəqin ki, gözündən qaçmaz sadə Bakının təsviri, qadınların zövqlü geyimi, Əsmərin şərab içməsi, caz musiqisi, İçəri şəhər, bir də işıq. Bakı ötən illərə nisbətən daha çox rənglənib elə deyilmi? Müstəqil Azərbaycan inkişaf edir, amma işıq yoxa çıxıb. Elə bil ki, bəzək-düzəkli bir evdəsən, lakin evin pəncərəsi yoxdur. İşığı söndürən kimi hər şey boz olur. Bakıya uzun müddətdir gün işığı düşmür. İndi heç yerdə mədəni kadr görmək olmur. Bakı kübarlığını itiribmi? Təəssüf ki, bu sualın cavabı sorğu-sualsız "hə"dir.
 
Tələsmə, metronun qarşısında dayanan gənc sənə hələ qayıdacam. İnsanları kübar edən şeyin nə olduğu haqqında düşünsək, bir az hər şeyin kökündə yaxşı gəlirin olması durur. Azərbaycanın həmin dönəmdə yaşadığı mədəni inqilab firavan yaşayışın nəticəsi deyilmi sizcə? Düşün ki, sən həmin dövrdə musiqiçisən və sənin "toy tutmaq" dərdin yox idi. Öz işinlə, bəstələrinlə məşğul ola bilir, qonşundan geri qalmaq və ya qabağa qaçmaq dərdin yoxdur. Çünki hər kəs öz işini görür. Maddi problemlərə qarışmaq insanı mənəvi aləmdən ayırır. Bəzən olur ki, nə üçünsə, kimin üçünsə darıxırıq, amma heç cür darıxıdğımız bu nəsnənin nə olduğunu tapa bilmirik. Bu darıxmağın bir adı var. O da elə sənsən. Sən özün üçün darıxırsan, əzizim. İçində olan o mədəni işıq üçün darıxırsan. Mən səni qınamıram, buna haqqım yoxdu. Amma tualetə "mədəniyyət sarayı" adı verdiyin üçün bir az düşünmək lazımdır. 

Ümid edirəm ki, aranızda mənim kimi "mama uşaqları" var. Elə bilirsiniz Mehman Əhmədlini qınayacam. Yox, ən azından Bethovenin adını bilir. Bu da böyük işdir. "Qəzəlxan" filmini necə, izləyən var aranızda? Şahmar Ələkbərovun rejissoru olduğu film Əliağa Vahidə həsr olunub. Ordakı meyxana və qəzəl məclislərində iştirak edənlərin "mama uşağı" olduğunu necə, biləniniz var? Biri elə rus şairi Sergey Yesenin olub. 
 
Hə dostum, kimi gözləyirsən metronun yanında? Dostun bu gün gələ bilməyəcək. Onun da 50 manata ehtiyacı var və indi o da metronun o biri çıxışında dayanıb, son qəpikləri necə sərfəli xərcləyə biləcəyini hesablayır. Bilirəm son pulunu yeni "İphone"un kreditinə verdiyini. Zatən axşam teatra getməyə ehtiyac yoxdur. Əsas metroda cibindən çıxardığın telefonun son model olduğunu göstərməkdir. Yol pulunu da tapacaqsan. Hətta bütün günü nəyi necə edəcəyini o qədər düşünəcəksən ki, sonda qəfil ayağını tapdalayan uşağın üstünə qışqıracasanki: "Korsan? Düz keç də yolu" və metroda bir üzgün, dərdli, aqressiv insan üzü çoxalacaq. 

Bayaq maddi və məişət problemlərinin bizi ruhumuzdan, özümüzdən uzaqlaşdırdığını qeyd etdim. Biz yalnız fiziki istirahətə can atırıq. İstirahət anlayışımız da həftə sonu dostlarımızla xudmani bir məclis ətrafında yığılıb, yeyib-içmək və deyib-gülmək olur. Ona görə də teatrlarımızın yaxşı tamaşa ortaya qoymaq, bəstəkarların musiqi bəstələmək, rəssamların və fotoqrafların sərgi keçirmək həvəsi olmur. Həvəslənənlərin də bəlli bir kütləsi var. Mehman Əhmədlini dinləməklə ruhumuz heç vaxt "mama uşağı" ola bilmir. Başa düşürsənmi, əziz dost? Ac olan ruhunu dinlə, onun nə üçün darıxdığını, nəyə ehtiyacı olduğunu dinlə ki, bizim inkişafdan geri qalan incəsənətimiz o ehtiyacı hiss etsin. Divarları söküb evimizi işıqlandıraq. 
 
Qaynarinfo.Az