Ölkə 18:33 10.06.2013

Turizmlə bağlı yeni qanun qəbul olunacaq

Azərbaycanda turizm sahəsində yeni qanun qəbul olunacaq. 

Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

BMT Ümumdünya Turizm Təşkilatı ilə əlaqələrə toxunan nazir qeyd edib ki, ÜTT Azərbaycan üçün bir sıra tövsiyələr hazırlayıb və bu tövsiyələr turizm menecmentini əhatə edir.

Qarayev deyib ki, bu tövsiyələri və Avropa standartlarını nəzərə alaraq, turizm sahəsində yeni qanun layihəsi üzərində işləyirlər: "Biz qanun çərçivəsində hotel və digər strukturlar qarşısında xidmətlərin standartlarına dair sərt tələblər qoya biləcəyik. Bu tələblər turizm sahəsində peşəkar kadrların çalışmasına şərait yaradacaq".

Nazir həmçinin vurğulayıb ki, Azərbaycanın 17 turizm şirkəti Ümumdünya Turizm Təşkilatına (ÜTT) assosiativ üzvlüklə bağlı müraciət edib.

Qarayevin sözlərinə görə, bu ilin avqust ayında Zambiyada keçiriləcək ÜTT-nin Baş Assambleyasında həmin turizm şirkətlərinin assosiativ üzvlüyü təsdiq olunmalıdır.

Nazir qeyd edib ki, artıq quruma Azərbaycandan 3 struktur - Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Turizm İnstitutu və Bakı Turizm İnformasiya Mərkəzi assosiativ üzv qəbul olunub.

Qaynar.info