Dünya 13:35 15.02.2018

"Türkiyə-ABŞ münasibətləri ya düzələcək, ya da..." - 50 dəqiqəlik görüş

Türkiyənin Müdafiə naziri Nurəddin Canikli ilə ABŞ müdafiə naziri Ceyms Mattis arasında görüş olub.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, Brüsseldə NATO müdafiə nazirlərinin iclası çərçivəsində baş tutan ikitərəfli görüş 50 dəqiqə davam edib.

Pentaqondan verilən açıqlamaya görə, Mattis ABŞ-ın terrorla mübarizədə Türkiyənin yanında olduğunu bildirib, lakin əsas diqqətin İŞİD-ə yönəldilməli olduğunu vurğulayıb.

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın xarici işlər naziri Reks Tillersonu qəbul edəcək. Daha sonra amerikalı nazir türkiyəli həmkarı ilə görüşəcək. Görüş çərçivəsində əsasən Türkiyənin "Zeytun budağı" əməliyyatı, Afrin və Menbiçdəki terrorçular məsələsi müzakirə ediləcək.

Qeyd edək ki, rəsmi Ankara ABŞ-ı terrorçulara yardım göstərməkdə ittiham edir. Belə ki, Vaşinqton isə PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-yə İŞİD-ə qarşı mübarizə aparmaq bəhanəsi ilə silah sursat verir.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tillersonun səfəri ilə bağlı ultimatum xarakterli açıqlama vermişdi. Nazir bildirmişdi ki, ABŞ-la münasibətlər ya düzəlməli, ya da tamamilə bitməlidir:

"Bizim ABŞ-dan gözləntilərimiz açıq və konkretdir və bunu onlarla da bölüşmüşük. Biz artıq vəd istəmirik, konkret addımlar atılmasını tələb edirik. Bu məsələlər səfər zamanı müzakirə ediləcək. Çünki münasibətlərimiz çox kritik bir nöqtədədir. Ya bu əlaqələri düzəldəcəyik, ya da münasibətlər tamamilə pozulacaq. Başqa çıxış yolu yoxdur".