Şahin Cəfərli
Siyasət 12:59 15.10.2019

Türkiyə-ABŞ münasibətlərində kritik mərhələ

Şahin Cəfərli
Politoloq

Türkiyə-ABŞ (Qərb) münasibətləri kritik mərhələyə daxil olub.

ABŞ hökuməti Türkiyə Müdafiə Nazirliyinə, Enerji və Təbii Ehtiyatlar Nazirliyinə, bu iki nazirliyə rəhbərlik edən şəxslərə (Hulusi Akar və Fatih Dönməz), eləcə də daxili işlər naziri Süleyman Soyluya sanksiya tətbiq etdi. Qərar Türkiyənin Suriyanın şimal-şərqində apardığı hərbi əməliyyat və bunun nəticəsində orada yaranmış vəziyyətlə əlaqədardır. Tramp Ərdoğana telefon açaraq onu Suriyada atəşkəs elan etməyə çağırıb.

Əslində Tramp Ərdoğanla razılaşmışdı və əməliyyata yaşıl işıq yandırmışdı, amma ABŞ müəssəs-nizamının (sistem) şiddətli basqılarına məruz qaldı. Xüsusən impiçment proseduru ərəfəsində Trampın bu basqılara müqavimət imkanları məhduddur, çünki öz partiyasının da dəstəyini itirə bilər. Bu səbəblə o, Türkiyəyə qarşı sanksiya çağırışlarına əməl etmək zorunda qaldı. Əməl etməsəydi, Konqresdə zatən yekdilliklə sanksiya qanunu qəbul olunacaqdı. (Bu təhlükə hələ var.) Təəssüf ki, Türkiyə yəhudi lobbisi başda olmaqla, ABŞ-dakı dostlarının dəstəyini çoxdan itirib.

Şəxslərə sanksiyanın önəmi yoxdur, amma qurumlara qarşı sanksiyalardan ölkə və xalq zərər çəkəcək. Bu sanksiyalar hələ başlanğıcdır, sonrakı mərhələdə bank-maliyyə sektoruna sanksiya gələrsə, onsuz da böhranda olan Türkiyə iqtisadiyyatı çökər...

Bu gərginlikdən həm iqtisadi, həm geosiyasi baxımdan biz də etkilənə bilərik. Azərbaycan enerji sahəsində Türkiyə ilə sıx əməkdaşlıq edir və SOCAR-ın orada böyük müəssisəsi var. Hələlik nazirliyə qarşı sanksiyanın bütövlükdə enerji sektoruna aid olub-olmadığı aydın deyil, ona görə də bu barədə konkret fikir söyləmək çətindir. Türkiyə-Qərb münasibətlərində qopma yaşanması isə Türkiyəni Rusiyaya daha da yaxınlaşmağa məcbur və məhkum edəcək. Ondan sonra ver əlini Avrasiya İttifaqı və ODKB... Bu, bizim üçün xoş gəlişmə olmaz, elə Türkiyə üçün də.

Damat Berat Albayraka sanksiya tətbiq olunmaması açıq qapı deməkdir və ümid yaradır ki, tərəflər hansısa şəkildə anlaşa biləcək. Vitse-prezident Mayk Pens Türkiyəyə səfər etməyə hazırlaşır. Amma hər iki ölkədə münasibətləri baltalamaya çalışan çevrələr var.