Siyasət 20:14 02.08.2013

“Türkiyə təhlükədədir”

“Bu gün Türkiyə təhlükədədir”.

APA-nın məlumatına görə, bunu İran prezidenti Mahmud Əhmədinejad Tehran Universitetində 2 avqust - Ümumdünya Qüds Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Qərb ölkələri bölgədəki bəzi dövlətlər üçün planlar hazırlayıb və aralarında Türkiyənin də olduğu bu ölkələr təhlükədədir: “Türkiyə, İraq, İordaniya, Səudiyyə Ərəbistanı, Fars körfəzi və Şimali Afrika ölkələri təhlükədədir. İmperialistlərin bütün bu ölkələr üçün planları var. Bölgə dövlətlərindən Qərb ölkələrinə güvənməməyi istəyirəm. Bu qüvvələr vəfasızdırlar. Bölgə ölkələrini istifadə etdikdən sonra istifadə olunmuş bir dəsmal kimi kənara atacaqlar”.

M.Əhmədinejad deyib ki, dünyadakı bəzi mikroblar İsrail tərəfindən istehsal edilir: “Sionistlər dünyadakı bəzi dərman mərkəzlərini nəzarət altına alaraq mikrob istehsal edir. Bu mikrobları bahalı dərmanlarını satmaq və müxaliflərinə zərbə endirmək üçün yaymaqdadırlar. Hansı heyvan bunu edər? Ancaq bunlar bunu edirlər”.

İran prezidenti bölgədə silahlı qarşıdurmalarda iştirak edən radikal islamçı qruplar və canlı bombalardan da danışıb: “Bir ovuc axmağı tapıblar. Onlara “bu düyməni bassan, yüzlərlə pərinin qoynuna düşəcəksən, peyğəmbərlə birlikdə namaz qılacaqsan” deyirlər. Qadınların və uşaqların başını kəsən, şəhərləri və kəndləri dağıdan bu qruplar əslində sionistlərdir, yalnız görünüşləri müsəlmandır. Bunlar yalnız müsəlmanları öldürür”.

M.Əhmədinejad həmçinin vurğulayıb ki, böyük bir regional fırtına İsraili kökündən siləcək.

Qaynar.info