Şahin Cəfərli
Siyasət 21:00 13.12.2019

Türkiyə üçün yeni mərhələ

Şahin Cəfərli
Politoloq

Əhməd Davudoğlu partiyasını rəsmən elan etdi.

Ad, loqo və rəng seçimi uğurludur. Yaşıl rəngin həm siyasi, həm də psixoloji önəmi və təsiri var. Gələcək Partiyası AKP-nin ilk dönəminə bənzər şəkildə mühafizəkar, amma azadlıqları önə çıxaran sağ-mərkəzçi cizgidə olacaq. Təqdimat mərasiminin Atatürkün xatirəsinə 1 dəqiqə sükutla başlanması cümhuriyyət dəyərləri ilə barışıq olduqlarını göstərir.

Vitrində parlaq simalar azlıq təşkil etsə də, təşkilat işlərini yaxşı bacaran insanların olması (məsələn, AKP-nin Ankara və İstanbul təşkilatlarının sabiq sədrləri) göstərir ki, Davudoğlu təşkilatlanma işinə ciddi önəm verir.

Qurucular arasında bizim köhnə dostumuz, Türkiyənin Azərbaycandakı səfirliyində 2-ci adam olmuş, daha sonra Rusiya və İran kimi önəmli ölkələrdə (eləcə də Avstriyada) səfir vəzifəsində çalışmış Ümit Yardım da var. Ümit bəy dünya siyasətini çox yaxşı bilən dəyərli diplomatdır. Diplomatik xidmətdən istefa verib siyasətə qoşulması o deməkdir ki, bu sahədə perspektiv görür. Ona uğurlar arzulayıram.

İndi növbədə Əli Babacanın partiyasıdır. Babacanın sabiq prezident Abdulla Gülün xeyir-duası ilə apardığı partiya quruculuğu işi yekunlaşmaq üzrədir. Sağ cinahda 2 yeni və iddialı partiyanın qurulması ilk növbədə Cumhur İttifaqı üçün təhlükədir. (İyi Partidən də səs qopara bilərlər.) Qarşıdakı (növbəti və ya erkən) seçkilərdə Davudoğlu ilə Babacanın partiyalarının ittifaq qurması istisna deyil, onlara Səadət Partiyası da qoşula və beləliklə, daha bir güclü sağ blok formalaşa bilər. Bu partiyaların birlikdə hətta 10 faiz səs alması belə, ölkədə siyasi mənzərənin tamamilə dəyişməsi mənasına gələcək.

Türkiyə yeni bir mərhələyə daxil olub.