Dünya 15:44 13.12.2019

Türkiyədən Senatın "erməni soyqırımı" qərarına sərt reaksiyalar

Xəbər verdiyimiz kimi ötən gün ABŞ Senatı "erməni soyqırımı" qətnaməsini qəbul edib. Qərar təsdiqlənməsi üçün Ağ Ev rəhbərinə təqdim olunacaq.

Qaynarinfo xəbər verir ki, qondarma soyqırım qətnaməsinin qəbulu Ankaranın sərt reaksiyasına səbəb olub. Türkiyənin Xarici İşlər Nazirliyi bunu utanverici hadisə adlandırıb.

"Tarixin necə siyasiləşdirilə biləcəyinin utancverici nümunələrindəndir", - deyə rəsmi açıqlamada qeyd olunub.

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun da məsələyə münasibət bildirib. O, Konqresin bəzi üzvlərinin mövqeyinin Türk-Amerikan münasibətlərinə zərər verdiyini ifadə edib. 

"Ötən gün ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsindən keçən sanksiya qətnaməsi və ardınca "erməni soyqırımı" qərarı ikitərəfli münasibətlərimizin gələcəyini təhlükəyə atır. Barış Pınarı Hərəkatı başlayandan Amerikalı tərəfdaşlarımıza Suriyanın şimalında həyata keçirdiyimiz hərbi əməliyyatların səbəbləri və hədəflərini izah etdik. Sanksiya və təhdidlər bizi milli təhlükəsizlik maraqlarımızı qorumaqdan imtina etdirə bilməyəcək. YPG ilə əməkdaşlıq etmək ən başından bəri məntiqsiz siyasət idi. Terror təhdidləri qarşısında vətəndaşlarımızın təhlükəsizliyini və rifahını qorumağa davam edəcəyik", - deyə Altun bildirib.

O, bu qərarda imzası olanların iki dövlət arasındakı münasibətlərə qalıcı zərbə vuranlar olaraq tarixə keçəcəklər.

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın da rəsmi Tvitter hesabında hadisəni qınayıb.

"ABŞ Senatının təhrif edilmiş tarix anlayışını kiçik siyasi hesablaşmalara alət edən qərarını qınayır və rədd edirik. Yox hökmündə olan bu qərar siyasi, hərbi və iqtisadi sahədə Türkiyənin ədalətli və qərarlı mövqeyinə təsir etməyəcək", - deyə Kalın Yazıb.


Qeyd edək ki, 1915-ci il hadisələrini "erməni soyqırımı” kimi tanıyan qətnamə layihəsinin qəbulu buna qədər 3 dəfə respublikaçı senatorlar tərəfindən əngəllənmişdi.
 
Camal