Video 11:28 16.03.2018

Türkiyənin baş naziri Qarabağ qazisinə təsbehini bağışladı (VİDEO)

Türkiyənin baş naziri Binəli Yıldırım 2015-ci ilin oktyabrında xidməti vəzifəsini yerinə yetirərkən gözünü və bir ayağını itirən kəşfiyyatçı baş leytenant Kamil Musəvini qəbul edib.

Qaynarinfo haberler.com-a istinadən xəbər verir ki, K.Musəvi B.Yıldırımı VI Qlobal Bakı Forumu üçün Azərbaycanda olarkən ziyarət edib. O, Türkiyəli naziri Azərbaycanda görməkdən məmnunluq duyduğunu ifadə edib:

"Sizi burada görməyimə məmnunam. Allah sizləri var etsin", - deyə o, bildirib.

Nazir Qarabağda gedən döyüşlər zamanı gözünü və ayağını itirdiyini deyən Musəviyə hələ də əzmini və rəşadətini itirmədiyini deyib. O isə cavabında, "ayaqsız və gözsüz yaşamaq olar, amma vətənsiz yox", deyə bildirib.

Musəvi B.Yıldırıma Afrinə getmək istədiyini söyləyib, daha sonra orada vuruşan türk əsgərlərinə dəstək nümayiş etdirmək məqsədilə bir müddət öncə hazırladığını videosundan bəhs edib. Nazir sözügedən videonu izlədiyini və böyük qürur hissi keçirdiyini dilə gətirib.

Görüşdən sonra baş nazir Musəviyə Türk və Azərbaycan bayraqlarından ibarət plaket hədiyyə verib və öz təsbehini bağışlayıb.