Şahin Cəfərli
Siyasət 15:59 16.10.2019

Türkiyənin Suriya əməliyyatında son durum - nə baş verir?

Şahin Cəfərli
Politoloq

Resulayn (Ras əl-Ayn) və Tel-Abyad nəzarətə götürüldükdən sonra "Barış bulağı"nda sonrakı hədəflər Fəratın qərbindəki Menbiç və şərqindəki Kobani (Ayn əl-Ərəb) olmalıydı. Lakin dünən səhər ABŞ Menbiçi Rusiyaya təhvil verib çıxdı (Trampa basqılar olmasa, Türkiyəyə verəcəkdi.) Ərdoğan isə Trampa söz vermək zorunda qaldı ki, Kobani şəhərinə hücum olmayacaq. Zatən belə cəhd olsa belə, Rusiya yəqin ki, buna yol verməyəcəkdi. Moskva Türkiyə ilə sərhəd xəttinin Əsədin ordusunun nəzarətinə keçməsini istəyir və siyasəti bu yöndədir.

Artıq Rusiya hərbi polisi Türkiyə və rejim qüvvələri arasında patrul missiyası həyata keçirməyə başlayıb. Moskva bu iki gücün toqquşmasına yol verməyəcəyini bəyan edib. Putinin xüsusi nümayəndəsi Lavrentyev Türkiyənin əməliyyatını qəbuledilməz adlandırıb və türk ordusunun Suriyada uzun müddət qalmasının qeyri-mümkün olduğunu vurğulayıb .

Bu gəlişmələrdən sonra dünən axşam Ərdoğan Putinlə telefon əlaqəsi yaratdı. Putin yəqin ki, telefon danışığında həmsöhbətinin narahatlıqlarını aradan qaldıracaq hər hansı qərar verməyə hazır olmadığı üçün onu Moskvaya dəvət etdi. Rusiyanın mövqeyi belədir ki, Türkiyə Suriya ilə 1998-ci ildə imzaladığı Adana razılaşmaları əsasında hərəkət etməlidir. Ankaranın unutduğu və Moskva tərəfindən xatırladılan bu anlaşma terrora qarşı birgə mübarizəni nəzərdə tutur. Dünən Rusiya tərəfi artıq Ankaranın qeyri-rəsmi olaraq Şamla masaya oturduğunu açıqladı.

Beləliklə, "Barış bulağı" əməliyyatının aktiv fazasının başa çatdığını söyləmək olar. Türkiyə Tel-Abyad və Resulayn arasındakı 120 km-lik zolağı böyük ölçüdə (buralarda lokal toqquşmalar davam edir) nəzarətə götürə bildi, lakin ortadakı bu zolağın qərbdə Cerablus (Türkiyənin nəzarətindəki "Fərat qalxanı" zonası), şərqdə isə İraq sərhədi ilə birləşdirilməsinə Rusiya və ABŞ razı olmadı. Türkiyənin məqsədi bu zolağı bufer - təhlükəsizlik zonasına çevirməklə birlikdə, həm də YPG-ni məhv etmək idi. Lakin belə görünür ki, bu hədəf də baş tutmayacaq. Əksinə, əməliyyat YPG-nin legitimlik qazanmasında mühüm rol oynadı: Rusiya Əsəd hökumətini YPG ilə danışıqlara və razılaşmalara məcbur etdi, Tramp isə YPG lideri Mazlum Kobane ilə telefon əlaqəsi saxladı. Türkiyənin terrorçu saydığı bu qruplaşma böyük ehtimalla Suriya ordusunun tərkibinə qatılacaq. Siyasi çözüm mərhələsində isə kürdlərə hansısa formada (adı muxtariyyət olmaya da bilər) yerli özünüidarə hüququ verilməsi ehtimalı yüksəkdir.

Amma Ərdoğanın Trampla birlikdə (və ya paralel) törətdiyi bu vaqeənin əsas nəticəsi bu oldu ki, rejim 1 güllə atmadan kürdlərin əlindəki ərazilərə daxil oldu və həmin ərazilərdə Suriya dövlətinin suverenliyi bərpa edilir. Sırada İdlibdir.