Dünya 23:20 29.04.2013

Turqut Özalın arvadından sərt ittihamlar

Türkiyənin səkkizinci prezidenti Turqut Özalın xanımı Səmra Özal həyat yoldaşını zəhərləyərək öldürməsi iddialarını sərt tonda cavablayıb. Qəzetçilərin bu haqda sualına cavab verən Səmra Özal iddia müəllifini “ağzına gələni danışan qəribə məxluq” adlandırıb.

Yada salaq ki, ötən həftə “Ergenekon” davasının adı açıqlanmayan şahidlərindən biri Özalı həyat yoldaşının öldürməsi haqqında eşitdiyi xəbərləri istintaqa bildirmişdi. Şahidin 10 səhifəlik ifadəsində yazılır ki, Milli İstihbarat Təşkilatının (MİT) polkovnik rütbəli əməkdaşından biri ona “Özalı qoynundakı qadına zəhərlətdik” deyib. Polkovnik deyib ki, Səmra Özalı şantaj edərək onu bu işə razı sala biliblər. Xanım Özala iki yol təklif edilib – ya arzu olunmayan şəxsi münasibətləri haqqında şəkillər yayılacaq, ya da o Özalı zəhərləmək təklifinə razı olacaq.

Səslənən iddialar Özal ailəsinin ciddi etirazları ilə  qarşılaşıb. Səmra Özalın vəkili Əli Kamal Sinsoysal vasitəsi ilə verdiyi açıqlamada səslənən ittihamları “uydurma, xəyal məhsulu, iftira” adlandırıb: “Bu şəxs heç bir mənəvi dəyərləri saya salmayan, eşitdiyi əsassız ittihamları zaman və məkan əlavə etməklə gerçək kimi qələmə verən, bu səbəbdən özünü təqdim etməkdən ehtiyatlanan, insanların, şərəf, ləyaqət, heysiyyət, namus kimi dəyərlərini yerlə bir etməkdən çəkinməyən ağzına gələni danışan qəribə bir məxluqdur”.

Bu arada Türkiyə mediasında Turqut Özalın nəşinin autopsiyasına mane olan şəxsin də Səmra Özal olduğu haqqında iddialar ortaya atılıb. Bir sıra media orqanları “etibarlı qaynaqlara” istinadən yazır ki, vəfatından 5 gün sonra dəfn edilən prezident Özalın nəşinin yarılaraq onun ölüm səbəbinin müəyyən edilməsinin qarşısını xanımı alıbmış. Onu da yada salaq ki, o zaman Türkiyənin Səhiyyə Nazirliyi təmsilçiləri istintaqın “nədən Özalın nəşini yarıb ölüm səbəbini müəyyən etmədiniz sualına” “çaşqınlıqdan heç ağlımıza gəlmədi” cavabını vermişdilər. Ankara Ağır Cinayətlər Məhkəməsi Səhiyyə Nazirliyi təmsilçilərinin bu açıqlamasını “səriştəsizlik və məsuliyyətsizlik” kimi dəyərləndirib.

Yada salaq ki, Turqut Özalın vəfatının tək şahidi Səmra Özaldır. Vəfatı günü prezident Özal səhər saatlarında xanımı ilə səhər yeməyi yemək üçün salona gedərkən prezident sarayının koridorunda yıxılıb və bir neçə saniyə sonra ölüm baş verib. Səmra Özalın dediyinə görə, prezident yıxılarkən onun ağzından bəyaz köpük gəlməyə başlayıb və o, boğulmadan heç bir söz deyə bilməyərək keçinib. Səmra Özal dərhal həyat yoldaşını saçının bir neçə telini kəsərək ekspertiza üçün saxlamağa fürsət tapıb. Özal ailəsi bu addımı ölümün səbəbləri ilə bağlı həqiqəti aydınlaşdırmaq üçün etdikləri bildiriblər. Ancaq bir sıra telekanallar istintaqın həmin telləri Özal ailəsindən alındığını iddia edir. Həkimlər isə bildirir ki, həmin tellərin ekspertizası zamanı dəqiq sonuc ortaya çıxarılması mümkün olmayacaqdı. Çünki tellər orqanizm haqqında informasiya bazası rolu oynasa da, zəhərləndiyi təqdirdə bu bilginin saçlara keçməsi üçün bir neçə gün gərək imiş. Səmra Özal isə saçı ölüm baş verəndən cəmi bir neçə dəqiqə sonra götürüb.

Maraqlıdır ki, onun nəşini bir neçə ay öncə incələyən ekspertlər də prezidentin nəşində 4 zəhərli maddə bulunduğunu demişdi. Ancaq sonradan Türkiyədə çox müzakirə olunan bu məsələ istintaq materiallarına tamamilə fərqli formada qeyd edildi. Autopsiya üzrə ekspert raportunda yazılıb ki, Özalın nəşinin qalıqlarından tapılan maddələr zəhərli olsa da onların orqanizmdə ölümdən öncə, ya da sonra əmələ gəlməsini müəyyən etmək mümkün deyil.

Özal prezidentliyi dönəmində iki ağır sui-qəsddən sağ  çıxa bilib. Birinci dəfə Turqut Özala partiya qurultayında silahdan atəş açılmış, lakin killerin atəşi sərrast olmamışdı. İkinci dəfə isə prezidentin uçağı havadaykən problem yaşanmış, ancaq xoşbəxtlikdən pilot təyyarəni təcili yerə endirməyi bacarmışdı.(müsavat.com)