İdman 12:23 15.06.2013

UEFA-dan Türk futboluna bəyanat

Türkiyə nəhənglərini çətin günlər gözləyir.

UEFA müfəttişləri Türkiyə futbolundakı danışılmış oyunlarla bağlı 1,5 ildir davam edən araşdırmaların nəticələrini açıqlayıblar. Amma araşdırmanın sonu Türkiyənin iki böyük klubu – “Fənərbaxça” və “Beşiktaş” üçün acı nəticələrə səbəb ola bilər. Anspress-in verdiyi xəbərə görə, artıq UEFA müfəttişləri hər iki klub barədə topladıqları materialları UEFA-nın cəza orqanı olan nizam-intizam komitəsinə göndərib. 

Müfəttişlər “Fənərbaxça” klubunun 2 il müddətinə UEFA yarışlarından məhrum edilməsini tələb ediblər. Bundan başqa, “Fənərbaxça” prezidenti Əziz Yıldırım və bu klubun digər 4 təmsilçisinin futboldan kənarlaşdırılması istənilib. 

“Fənərbaxça” klubu isə iddia ilə bağlı bəyənat yayıb. Açıqlamada deyilir ki, UEFA öz qoyduğu qanunlara əməl etmir. Belə ki, qurum müfəttişlərinin nizam-intizam komitəsinə verdikləri materiallarda Türkiyə Futbol Federasiyasının araşdırmalarına deyil, məhkəmə materiallarına istinad olunub. “Fənərbaxça” klubu bunu futbol qaydalarına zidd olduğunu bəyan edib. Bəyanatda bildirilir: “Əgər onlar məhkəmənin qərarını əsas götürürlərsə, onda niyə Türkiyə ali məhkəməsinin son qərarını gözləmirlər?”.

“Beşiktaş”a gəldikdə isə, bu klubun bu il UEFA yarışlarından kənarlaşdırılması və danışılmış oyunlarda adı keçən keçmiş vitse-prezidenti, hazırda “Beşiktaş” prezidentliyinə namizəd olan Sərdal Adalı və komandanın keçmiş baş məşqçisi Tayfur Havutçunun futboldan kənarlaşdırılması tələb olunub. Oyun alqı-satqısında ittiham olunan “Beşiktaş”ın idarə heyətinin sabiq üzvü, hazirda klub prezidentliyinə namizəd olan Sərdar Adalı bu məsələyə aidiyyati olmadığını bir daha bildirib. UEFA nizam-intizam komitəsinin “Beşiktaş”la bağlı iclası iyunun 21-nə, “Fənərbaxça” ilə bağlı iclası isə iyunun 22-nə təyin olunub.

Xatırladaq ki, Türkiyə futbolundakı danışılmış oyunlarla bağlı qalmaqal 2 il əvvəl baş verib. “Fənərbaxça” prezidenti Əziz Yıldırım da daxil olmaqla, bir çox klub rəhbəri, menecerlər və futbolçular həbs edilib. Məhkəmə onları müxtəlif müddətə azadlıqdan məhrum etsə də, bu şəxslər 1 il həbsdə qaldıqdan sonra azadlığa buraxılıblar.

Qaynar.info