Dünya 17:30 11.09.2017

Ukrayna Saakaşviliyə cinayət işi açdı

Ukrayna prezidenti Petro Poroşenko Mixail Saakaşvilinin sərhəddi keçərək Ukraynaya daxil olması barədə açıqlama verib.

"Qaynarinfo" "Kyiv Post"a istinadən xəbər verir ki, Poroşenko "Bu dövlətin təhlükəsizliyi məsələsidir. Mənə sərhəddi kimin pozduğu maraqlı deyil, şərqdəki döyüşçülər və ya qərbdəki siyasətçilər. Burada sadəcə qanun qarşısında məsuliyyət məsələsi var" deyib.

Ukrayna polisi Saakaşvili və onun tərəfdarlarına sərhəddi qanunsuz keçmək iddiası ilə cinayət işi açıb. Daxili işlər naziri Arsen Avakov bildirib ki, bu cinayətə görə 5 ilə qədər həbs cəzası düşür.

Mixail Saakaşvilinin vəkili isə qeyd edib ki, Ukrayna qanunlarına əsasən, ekstremal hallarda ölkə sərhəddini keçmək qadağan deyil, əgər Saakaşvili vətəndaşlığı olmayan biri kimi qəbul edilsə belə, Ukraynada daimi yaşamaq hüququna sahibdir və ölkəyə vizasız, problemsiz daxil olmaq hüququ var.

Qeyd edək ki, sabiq Gürcüstan prezidentinin adı ölkəsində korrupsiya hallarında çəkilmiş, 2 il əvvəl Ukrayna höküməti tərəfindən ona vətəndaşlıq verilmiş və Odessa valisi təyin edilmişdi. Daha sonra Poroşenko höküməti ilə problem yaşayan Mixail Saakaşvili istefa verərək müxalifət tərəfə keçmiş və ölkədən qovulmuşdu.

Gülşən

Qaynarinfo.Az