Sənət 13:02 06.02.2018

Uran: "İnqilab etməyə çalışmıram, onun üçün münbit şərait yaratmağa çalışıram" (MÜSAHİBƏ)

Reper Uranın Qaynarinfo-ya müsahibəsi

- Müsahibəyə şablon olaraq "Uran kimdir, İbrahim kim?” sualı ilə yox, əhvalını soruşmaqla başlamaq istəyirəm. Necəsən? Haralardasan? Həyat necə gedir? Bizə biraz ordan danış, Parisdən...
- Əhvalım "zordu”, özüm də yaxşıyam. Parisin havası mənə düşür. Buralarda həyat ritmi fərqlidir, musiqi də həmçinin. Ümumilikdə incəsənətdə baş verən yeniliklərə yaxın olursan.

- Yaradıcılığına yad ölkədə davam edirsən, amma səni tez-tez Bakıda, "AzRap" dinləyiciləri ilə görüşlərdə, yeraltı məkanlarda, konsertlərdə görürük. Uran Bakı üçün darıxır, ya dinləyici kütləsi ilə Bakıda görüşməyin öz ləzzəti var? 
Bakı üçün darıxırammı? Əslində, coğrafi ərazi olaraq Bakı üçün elə də darıxmıram. Daha çox Bakıda olan ailəm, yaxınlarım, yaxın çevrəm üçün darıxıram.
Son 10 il ərzində proqressiv düşüncəli gənclərin kəmiyyətcə artımı, belə nəslin oturub-durması üçün maraqlı məkanların yaranmasına gətirib çıxarıb. Belə yerlər isə Bakının qlamur sakinlərindən uzaq olduğu üçün oralara gedirəm (Etüd, Le Chateau, Gramophone və s.). Belə məkanlarda həm dinləyicilərlə qarşılaşa, həm də digər maraqlı simalara rast gəlmək olar. Sanki son vaxtlar yeni yeraltı ziyalı təbəqə formalaşıb, formalaşmaqda davam edir.  

- "Yenə də Fırlanır” adlı yeni "trek”ini "#YoxduBeləSöhbət” filmindən kadrlarla təqdim etdin. Yaradıcılığında daha nə kimi yeniliklər var? 
Yanvarın 27-də "UranFM" albomuna daxil olan sayca 3-cü "single” video-kliplə bərabər işıq üzü gördü. "Yenə də fırlanır" adlı bu parça eyni zamanda "Yoxdu belə söhbət" adlı filmə "soundtrack” oldu. Əslində, film həm ruhən, həm personajlarının ab-havası, həm də cərayan edən süjet xətti ilə mənə çox yaxın filmdir. Etiraf edim ki, bununla ən böyük arzularımdan biri həyata keçdi, bədii filmə əsas "soundtrack"i yazdım, Rüfət (Rüfət Həsənov, filmin rejissoru) bunu bilir. Bir məsələni də qeyd edim ki, filmin "soundtrack” listi çox "ciyəz"dir - DədəBaba, Dihaj, Azər Cirttan, Xpert və s. "#Yoxdubeləsöhbət” filmi haqqında onu deyim ki, 40-50 il sonra hər hansı mütəxəssis - istər tarixçi olsun, kulturoloq, filoloq, və ya sosioloq - hazırkı dövrü araşdırmaq və öyrənmək istəyəndə, bu filmlə qarşılaşacaq. 

Hazırda bütün enerjimi 5 ilə yaxındır ki, üzərində çalışdığım "UranFM" albomuna yönəltmişəm. Albomdan təqdim ediləcək növbəti "single” Dihajla duet olacaq. Ümumiyyətlə, bu albom əvvəlki 4 alboma nisbətən daha müxtəlif çeşidlidir. Gözləməyə dəyər.

- "AzRap” fanatları deyirlər ki, Uran "new school”a keçir. Doğrudur?
- Heç yerə keçmirəm, sadəcə səslənmə dəyişir. Bunu "Yenə də fırlanır” "trek”ində və çıxacaq növbəti "single”da hiss etmək olar. Maraqlıdır ki, "Ölü sevgi” və "Xəbərin yox” "trek”lərini eşidəndən sonra hara keçdiyimi deyəcəklər?!

- Uran "old school”dan kimi dinləyir?
Daha çox "Big Pun”, "Onyx”, "AZ”, "Nas”, "Mobb Deep”, "Mos Def”, "2Pac” və "Supreme NTM”i dinləyirm.

- Məşhur rus reper Detsl ilə "freestyle feat” etmişdin. Planda buna oxşar sürpriz, "battle”, yaxud "feat” ola bilər?
- Planda yenidən maraqlı sürpriz duet etmək var. Bu albomda da elə parçalar yer alacaq.

- Dihajın  "Eşqini aşağı sal” mahnısının sözləri Urana aiddir. Parisdən Azərbaycan gəncliyi necə görünür: Uran Azərbaycan gəncliyinə "Eşqini aşağı sal” deyir?
Paris, Avropa gəncliyinin ruhu, havası tam ayrıdır. Bu, təbiidir, mühit fərqi özünü göstərir. Məsələ inkişafdan gedirsə, həm mədəni, həm texnoloji inkişaf baxımından bizim gənclik geridədir. Bunun səbəbi aradakı məsafə, fərqli mühit deyil, səbəb gənclərin bu inkişafa meyilli olub-olmamasındadır. Yəni, əsas səbəblərdən biri budur.

"Eşqini aşağı sal” sözlərini yazdığım bəlkə də ən maraqlı layihələrdən biridir. Həm musiqi, həm Diananın rep tələffüzü, alleqoriya və ironiya ilə dolu video-klipdir. Bir sözlə "zor kimi"! Boşanmaların sayının artdığı bir cəmiyyətdə yaşayan gəncliyə deyilir bu sözlər. "Eşqini aşağı sal”, yəni "eşq” adlanan pərdəni yığışdır və altında nələr olduğunu gör. Altda isə "anam seçib”, "atam bəyənib”, "qohum-qonşunun fikri”, "pul”, "acgözlük” və nəhayət "ikiüzlülük” var.

- Hazırda "AzRap”də işlərini izlədiyin, dinlədiyin reperler kimlərdir?
- "AzRap”dən xüsusi olaraq kimisə dinləmirəm. Sonuncu qulaq asdığım "trek” "1st klass” (Paster və Dostun ifasında) olub. 

- ”UranFM” dalğasından inqilabi yeniliklər gözlənilir ?
- Bunu demək çətindir. Amma yuxarıda da qeyd etdiyim kimi, "UranFM” öncəki 4 albomdan tərkibinə görə daha əlvan, daha fərqlidir. Mən inqilab etməyə çalışmıram, inqilab üçün münbit şərait yaratmağa çalışıram. "AzRap” üçün bilmirəm, amma özüm üçün bu albom keçid albomudur, yeni mərhələyə keçiddir.

- "AzRap” keçmiş və bugünkü dünya ilə müqayisədə Uranın gözündə hansı çağını yaşayır?
"AzRap” üçüncü on illiyini yaşayır, inkişaf pillələri arasında böyük məsafələr, boşluqlar var. Məncə, "AzRap”ə qiymət vermək (yəni dünənki və bugünkü dünya repinə nisbətdə) hələ tezdir. İstənilən halda, həm kütləviliyinə, həm də fərqliliyinə görə "AzRap” hələ də Azərbaycanda bu günə qədər mövcud olmuş ən güclü alternativ musiqi üslubudur.

- Uran "AzRap”in dünya repinə inteqrasiyası üçün nə edir? 
Heç nə.

- Repdən başqa hansı janrı dinləyirsən? "Electronic” musiqi ilə aran necədir?
"Funk”, "Jazz" (ACİD, funky, hip-hop), "Blues”, "Rock”, "Rocknroll”. Repə çox az qulaq asıram. "Electronic” musiqi həvəskarı olmasam da, arada "Deep-house” dinləyirəm.

- Söz adamısan, bəs meyxana deməyi bacarırsan? 
- Yox, bacarmıram.

- Reper "Oxxxymiron” "tweet” atıb, onun "tweet”ini orijinal formada səninlə bölüşürəm "Хуй знает, кто вас научил, что рэп непременно должен чему-то учить и не быть тупым. Это точно был не я, тк я с самого начала читал про еблю родственников и прочую дичь  рэп должен всего 2 вещи - хорошо звучать и, желательно, не быть вторичным. Остальное - по желанию автора)”. Bu "tweet”ə münasibətin necədir?

İki il öncə bu barədə yazmışdım. Hər rep parçada dərin fəlsəfi, psixoloji və sosial çalarlı məna axtarmaq lazım deyil. Rep bəsit də ola bilər, mürəkkəb də, konkret süjetli də ola bilər, "freestyle” mövzuda da. Əsas tələblər var: tələffüz, ritm (musiqi) və qafiyə. Qalanı isə zövq və bacarıq məsələsidir.

Sultana Əhmədbəyli